Rusiya hakimiyyəti “Vaqner”in lideri Yevgeni Priqojinin dünən Tver vilayətində baş verən təyyarə qəzasında öldüyünü açıqlayıb. Muzdlu qrupa yaxın Telegram kanalları da Priqojinin təyyarədə olduğunu bildiriblər.
Priqojinin öldüyü xəbəri yayılandan sonra Belarusa sürgün edilən "Vaqner" qoşunlarının Rusiyaya hərəkətə keçdiyi barədə xəbərlər yayılıb. BBC-nin Ukrayna Milli Müqavimət Mərkəzi adlı qrupun Belarusdakı mənbələrinə istinadən yaydığı xəbərə görə, "Vaqner" karvanı Rusiya sərhədinə doğru hərəkət etməyə başlayıb, lakin Belarus xüsusi təyinatlıları "Vaqner"in maşın karvanına mane olmağa çalışır.
Bundan əvvəl "Vaqner"ə yaxın Telegram kanallarında “Priqojinin ölümü təsdiqlənərsə, Rusiyaya qarşı hərəkətə keçəcəyik” kimi təhdid mesajları paylaşılıb. Hətta bəzi "Vaqner" kanalları birbaşa Putini təhdid edərək, "Kreml ələ keçiriləcək! Priqojinin ölümü təsdiqlənərsə, tədbir görəcəyik" mesajları paylaşmıdı.
Qeyd edək ki, "Vaqner" iyunun 24-də 24 saat davam edən dövlət çevrilişinə cəhd etmişdi. Çevriliş cəhdi Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə dayandırılmışdı. Lukaşenkonun vasitəçiliyi ilə Priqojinlə Putin arasında əldə olunan razılaşmaya əsasən, "Vaqner" qoşunları Rusiya ərazisini tərk edərək Belarusda məskunlaşıb.
Priqojin və "Vaqner"in rəhbər heyətinin olduğu iddia edilən Embraer 135 tipli şəxsi təyyarə dünən axşam saatlarında Tverdə qəzaya uğrayıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün həyatını itirdiyini açıqlayıb.
Bəzi mənbələr tərəfindən təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Sistemi (HSS) tərəfindən vurulduğu iddia edilir.
Tahir TAĞIYEV