Tver vilayətinin Boloqovski rayonunda göyərtəsində “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin olan təyyarə qəzaya uğrayıb. TASS agentliyi xəbər verir ki, Rusiyanın "Vaqner" muzdlu qruplaşmasının lideri Priqojinə məxsus Embraer ERJ-135BJ tipli şəxsi təyyarə Rusiyanın paytaxtı Moskvadan Sankt-Peterburq şəhərinə yola düşüb. Təyyarə havaya qalxdıqdan yarım saat sonra qəzaya uğrayıb.
Təyyarənin qəza anı “Baza” və “Mash” teleqram kanalları tərəfindən yayımlanan videoya çəkilib.
Təyyarədə 3-ü pilot 10 nəfər olub, onların hamısı həlak olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Priqojinin də cəsədinin hadisə yerində tapıldığını açıqlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə havada partlayıb. Başqa bir iddiaya görə, təyyarə raketlə vurulub. Digər tərəfdən "Vaqner"ə yaxınlığı ilə bilinən bəzi Telegram kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilib.
Qeyd edək ki, Priqojinin strukturlarından hələ ki, şərh yoxdur.
Qəzadan sonra bir müddət əvvəl “Vaqner” qruplaşmasının lideri Priqojinin başlatdığı silahlı üsyandan sonra Rusiya prezidenti Putinin bir müsahibəsi də gündəmə gəlib. Putin, rus jurnalistin "Bağışlanmayan nədir?" sualına “Xəyanət” deyə cavab verib.
Qeyd edək ki, Moskvaya qarşı silahlı üsyandan sonra Priqojinlə bağlı sonuncu dəfə bir neçə gün əvvəl "Vaqner" qrupuna bağlı Telegram kanallarında video yayımlanmışdı. Videoda Priqojin qrupun Afrikanı "azad" etdiyini bildirirdi. Ehtimal olunur ki, "Vaqner"in gəlirli biznes maraqları olan qitədə minlərlə döyüşçüsü var.
Mətləb