Əlcəzair Fransanın Nigerə hərbi müdaxilə üçün öz hava məkanını açmaq tələbini rədd edib. Məlumata görə, Əlcəzair Fransanın Nigerə hərbi müdaxilə üçün öz hava məkanından istifadə tələbinə cavab verməyib. Xəbərdə Əlcəzairin hər zaman güc tətbiqinə qarşı olduğu vurğulanıb, Nigerdəki hərbi çevrilişlə bağlı mövqeyinin aydın və birmənalı olduğu qeyd edilib.
Əlcəzairin rəddi ilə üzləşən Fransanın Mərakeşə üz tutduğu bildirilən xəbərdə Mərakeş rəsmilərinin Nigerə hərbi müdaxilə üçün öz hava məkanını Fransanın döyüş təyyarələrinə açmağa qərar verdiyi iddia edilib.
Əlcəzair Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə mümkün hərbi müdaxiləsinə qarşı çıxır.
ECOWAS ölkələrinin qərargah rəislərinin ötən cümə günü Qananın paytaxtı Akkrada keçirilən toplantısında Nigerə hərbi müdaxilənin tarixinin müəyyənləşdirildiyi açıqlanıb. ECOWAS, əmr gələn kimi əsgərlərin müdaxilə etməyə hazır olduqlarını açıqlasa da, mümkün əməliyyatın nə vaxt başlayacağı ilə bağlı məlumat paylaşmayıb.
Qeyd edək ki, Nigerin devrilmiş lideri, prezident Məhəmməd Bazum iyulun 26-da Prezident sarayında Mühafizə alayı tərəfindən saxlanılıb, bundan sonra ordu sözçüsü Amadu Abdramane konstitusiyanın ləğv edildiyini, bütün qurumların fəaliyyətinin dayandırıldığını, ölkə sərhədlərinin bağlandığını açıqlayıb.
Hərbi çevrilişdən sonra keçid hökuməti qurulub və çevrilişə rəhbərlik edən 62 yaşlı Prezident Mühafizə Alayının komandiri, general Ömər Tçiani kimi tanınan Abdurahmane Tçiani “Vətəni Mühafizə Milli Şurası”nın rəhbəri elan edilib.
Nigerdə 1960-cı ildə Fransadan müstəqillik qazandıqdan sonra dörd dəfə çevriliş olub.
TAHİR