Ukrayna NATO-ya üzv olmaqdan ötrü ərazilərindən imtina etməyəcək. Alyansın Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı dəqiq mövqeyi var. Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
Nazir NATO aparatının rəhbəri Stian Yenssenin sözlərini şərh edib. Stian Yenssen deyib ki, guya Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin müqabilində Alyansa üzv ola biləcək.
Kuleba qeyd edib ki, Stoltenberq və Yenssen fərqli insanlardır, NATO-nun Baş katibinin mövqeyi isə dəyişməz olaraq qalır.
“Prezident (Volodimir Zelenski – red.) Baş katib Stoltenberqlə dəfələrlə danışıb, mənim onunla çox sıx münasibətlərim var, sizi əmin edirəm ki, Baş katibin mövqeyi tamamilə dəqiqdir və Ukraynanın mövqeyi ilə üst-üstə düşür. Ukrayna əraziləri ticarət obyekti ola bilməz”, - deyə nazir bildirib.
XİN rəhbəri, həmçinin qeyd edib ki, Ukrayna rəhbərliyi ölkənin mümkün qədər tez bir zamanda NATO-ya üzv olması üçün çalışır, mümkün variantları müzakirə etmir.
Bundan əvvəl NATO Baş katibi aparatının rəhbəri Stian Yenssen bildirib ki, Ukrayna guya Rusiya tərəfindən işğal edilmiş ərazilərdən imtina edərək NATO-nun üzvü ola bilər.