İsveç Türkiyənin terrorçuların ekstradisiyasına dair 28 müraciətinin heç birini hələ də təmin etməyib. Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "A Haber" telekanalına açıqlamasında deyib.
"Terror təşkilatları ilə əlaqəsi olan şəxslərin ekstradisiyası üçün İsveçə 28 sorğu göndərmişik. Təəssüf ki, onlardan 22-nə rədd cavabı verilib. 9 sorğu PKK, 8-i FETÖ terror təşkilatı, 5-i digər təşkilatların üzvləri ilə bağlı olub. Təqsirləndirilən şəxslərin ölümü və ya digər hallar səbəbindən üç vəsatət təmin edilməyib. Üç sorğu cavab gözləyir. Amma İsveç məhkəmə sistemi artıq bu müraciətlərlə bağlı mənfi qərar verdiyini bildirib"- nazir deyib. Maraqlıdır, İsveç terrorçuları niyə təhvil vermir? Bu vəziyyət gələcəkdə İsveç-Türkiyə münasibətlərinə necə təsir edəcək?
“Türkiyənin məlum çağırışına mənfi cavabın verilməsi bir daha ondan xəbər verir ki, İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”
Politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu fakt bir daha sübut edir ki, Qərb ölkələri və Avropa dövlətlərinin əksəriyyəti yalnız özlərinin terror təşkilatı kimi tanıdığı təşkilatlara səfərbər olur. Ayrı-ayrı dövlətlərdə isə fərqli mövqe nümayiş etdirirlər: “Eyni hal Türkiyə ilə də yaşanır. Türkiyə haqlı olaraq həmin ölkədən tələb edir ki, terrorçu təşkilatları tanımalı və onlara qarşı lazımi münasibət göstərilməlidir. Xatırladım ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan və İsveçlə Finlandiyanın NATO-ya qəbul olunmasından sonra Türkiyə özünün səs hüququndan istifadə etdi. O zaman İsveç və Finlandiya arasında razılaşma əldə olundu ki, terrorçu təşkilatları tanıyacaqlar və bununla bağlı Türkiyə ilə əməkdaşlıq edəcəklər. Həmin əməkdaşlığa terrorçuların ekstradisiyası və dövlətlərarası münasibətlərin tənzimlənməsi də aiddir. Hesab edirəm ki, Türkiyənin məlum çağırışına mənfi cavabın verilməsi bir daha ondan xəbər verir ki, İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir".
X.Bəşirovun sözlərinə görə, bu hal bir daha göstərir ki, Qərb ölkələri. istənilən məsələdə olduğu kimi, terrorla bağlı mövzuda da fərqli yanaşma ortaya qoyur: "Zənnimcə, bu hadisə Türkiyə ilə İsveç arasındakı münasibətlərin gərginləşməsinə səbəb olacaq. Türkiyə ilə İsveç arasındakı münasibətlərin normallaşması üçün İsveç beynəlxalq hüquq şərtlərinə əməl etməlidir".
Günel CƏLİLOVA