Ukrayna Rusiyaya ərazilərini güzəştə getməsi müqabilində NATO-ya daxil ola bilər. Bu barədə alyansın baş katibinin ofisinin rəhbəri Stian Yensen deyib: “Düşünürəm ki, həll yolu Ukraynanın ərazilərindən imtina etməsi və əvəzində NATO-ya üzv olması ola bilər"
NATO-nun Ukrayna ilə bağlı bu mövqeyini necə izah etmək olar?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, NATO rəsmisi bu mövzuda olduqca ziddiyyətli danışıb: “NATO rəsmisi təşkilatın kanslerlərinin rəhbəri Stian Yensen Norveç mətbuatında “Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO-ya üzv ola bilər” açıqlamasından sonra yaranan narazılığı nəzərə alaraq, bir qədər fərqli şərh verib. O deyib ki, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib. O, ikinci açıqlamasında bildirib ki, NATO-nun mövqeyi aydındır və dəyişməzdir. Onlar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, bunu NATO liderləri iyulda Vilnüs sammitində təkrarladılar. NATO rəsmisi deyib ki, nə qədər vaxt aparsa da, Ukraynanı dəstəkləməyə davam edəcəklər: “Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır”.
Olduqca ziddiyyətli mövqedir. Çünki ilk açıqlama ilə ikinci arasında ciddi ziddiyyət var. Maraqlıdır ki, NATO rəsmisi verdiyi ilk açıqlamasından da imtina etmir, fikirlərinin jurnalistlər tərəfindən təhrif olunduğunu demir. O bildirib ki, Ukraynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur. Yəqin ki, danışıqlar masasında müharibənin dayanması ilə bağlı belə bir məsələ var. Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxan Rusiyadan ilk açıqlama isə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən gəlib. O iddia edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün hətta paytaxt Kiyevdən də imtina etməli olacaq.
Medvedevin sözlərinə görə, ölkənin yeni paytaxtı Lvov ola bilər.
Qeyd edək ki, Ukraynanın NATO-ya daxil olacağı tarix hələ açıqlanmayıb. NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə bitənə qədər alyansa qəbul edilə bilməz. Ərazilərinin bir hissəsindən imtina etmək müqabilində Ukraynanın NATO-ya daxil olması barədə danışmaq qətiyyən qəbuledilməzdir. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib ki, həmişə Alyansın Ukraynanın əraziləri ilə alver etmədiyinə inanıblar. Onun sözlərinə görə, NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəvayətin formalaşmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın xeyrinə işləyir.
Nikolenko qeyd edib ki, Avro-Atlantik təhlükəsizlik naminə Ukraynanın qələbəsini sürətləndirmək və NATO-ya tamhüquqlu üzvlük əldə etmək yollarını müzakirə etmək lazımdır. Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna ərazisinin bölünməsi ilə bağlı məsələ müzakirə mövzusu kimi gündəmdədir”.
Məhəmmədəli QƏRİBLİ