İkinci Qarabağ müharibəsində Vətəni öz canı, qanı ilə alınmaz qala edən qalib şəhidlərdən biri də Emin İbrahim oğlu Muradovdur. Bu Vətən sevdalısı 1986-cı ildə Lənkəran rayonu, Biləsər kəndində dünyaya göz açıb. Ömrünün 34-cü ilində müqəddəsliyinə tapındığı doğma Azərbaycanın bütövlüyü uğrunda şəhid olduğu üçün milyonların ürəyində qəhrəmanlıq simvoluna dönüb. Dövlət də şərəfli ölümündən sonra Eminin müharibə meydanında göstərdiyi şücaətini “Vətən uğrunda”, Füzulinin, Cəbrayilın, Qubadlının və Xocavəndin azadlığına görə medallarına layiq görüb.
Bəli, şəhidlər heç vaxt ölmürlər. Lənkəran elinin qəhrəman oğlu Emin də cismən aramızdan gedibdir. Həmişə böyük ehtiramla xatırlanır, adı qürurla çəkilir. Doğum günündə yenə də, el-oba and yeri saydıqları məzarı başına toplamışdı. Rayonun bütün rəhbər işçiləri də onların arasında idilər. Şəhid Emin Muradovun uyduğu müqəddəs yeri ziyarət edib, ona təzə güllərdən çələng hördülər. Ziyarətçilər daha sonra şəhid ailəsinə baş çəkdilər, onlarının problemlərini öyrədilər. Qəhrəman haqqında söz düşəndə bildirildi ki, Emin uşaqlıqdan Vətəninə bağlanmışdı. Odur ki, yağı düşmənin Qarabağın işğalına heç cür dözmürdü. Vətən müharibəsi başlanan kimi döyüşə atıldı. Son nəfəsə qədər Vətən naminə qəhrəmanlıqla vuruşdu və gələcək nəsillərə örnək olacaq bir tarix yazıb getdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü