Azərbaycanda bəzi taksi operatorlarının fərqli tarif siyasətinə keçməsi barədə məlumat yayılıb. Bildirilir ki, Azərbaycanda bəzi taksi operatorlarının dəqiqə hesabı tarifə keçəcəyi gözlənilir.
"Bolt" taksi xidmətindən istifadə edən sərnişinlərin yaxın günlərdə gediş haqqını məsafəyə görə deyil, gedəcəyi yola sərf edilən vaxta uyğun ödəyəcəyi barədə məlumat yayılıb. Bu taksi xidmətində çalışan sürücülər qeyd edir ki, artıq onlara yeni qərar barədə məlumat verilib. Bildirilib ki, sərnişinin gedəcəyi yola sərf edilən vaxta uyğun ödəniş hesablanacaq. Bunun isə taksilərdə gediş haqqını artıracağına dair iddialar var.
Məlumat üçün bildirək ki, ölkə üzrə taksidə orta gediş haqqı bir kilometr üçün 1 manat təşkil edir.
Maraqlıdır, taksilərin dəqiqə hesabı tarifə keçməsi qiymət artımına necə təsir edəcək?
“Dəqiqəyə görə gediş haqqının ödənilməsi tıxac olduqda sərnişinə sərf etməyəcək”
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, taksilərin dəqiqə hesabı tarifə keçməsi qiymətlərin bahalaşmasına səbəb olacaq: “Taksilər gedilən məsafəyə görə deyil, sərf edilən zamana görə pul qazanmaq istəyir. Məlumdur ki, son zamanlar yollarda uzun-uzadı tıxac müşahidə olunur. Taksi operatorlarının sürücülərin tıxacda itirdiyi vaxtı nəzərə alıb belə bir qərar alacağı gözlənilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, şənbə, bazar və bayram günlərində taksi qiyməti adi günlərlə müqayisədə baha olur. Məlumdur ki, istirahət günlərində yollar elə də yüklənmir, tıxac çox da yaşanmır: “Taksilərin dəqiqə intervalına keçməsi qeyri-iş günlərində harasa getmək istəyən sərnişinlər üçün sərfəli olacaq. Qeyd etdiyim kimi, həmin günlərdə yollar boş olur”.
A.Əsədovun sözlərinə görə, taksilərin dəqiqə hesabı tarifə keçməsi vətəndaşların deyil, şirkətlərin xeyrinə olacaq. Dəqiqəyə görə gediş haqqının ödənilməsi tıxac olduqda sərnişinə sərf etməyəcək.
Günel CƏLİLOVA