Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Avropa İttifaqı ilə birlikdə həyata keçirdiyi tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və bu istiqamətdə fəaliyyətləri əhatə edir.
Trend-in məlumatına görə, bunu bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, layihənin iki il müddətində - 2024-cü ilin oktyabr ayına qədər keçirilməsi nəzərdə tutulur.
"Layihənin büdcəsi 1 milyon avro nəzərdə tutulub. Layihə çərçivəsində Polşa və Litvadan 58 ekspertdən ibarət 38 müxtəlif missiyaların həyata keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi ölkəmizdə ölüm və ağır xəsarətlərlə, o cümlədən ölkəmiz üçün zərərlə nəticlənən yol qəzalarının qarşsının alınması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin yol təhlükəsizliyinin artırılmasında aktiv iştirak edən dövlət orqanlarının kadr potensialının artırılmasıdır", - deyə o əlavə edib.