Bəri başdan deyim Lerik rayonunda elə kənd var son 30 ildə bir ev belə artmayıb. Əksinə, doğma yurdunu qoyub köçənlərin sayı daha çox olub. Bu da ondan irəli gəlir ki, sovet dağılanı Lerikin dağ kəndlərində adam kimi yaşamaq üçün heç bir iş görülməyib.
İşsizlik, sosial problemlər kəndləri iflic gününə salıb. İndi rayonun çox yaşayış məntəqəsinə üz tutası olsan, gözünə cavan dəyməz. Qalanlar 70 yaşdan yuxarı pensiyaçılardır. Onlar öz aləmində ömrünü başa vurmuş kimi son günlərini gözləyir. O qədər əziyyət, əzab görüblər ki, artıq heç nəyi vecə almırlar. Alsalar da, faydası olmaz. Məmurların yalan vədlərini çox eşidiblər.
Quru çörəyə qane olan belə yaşlı adamlar bankomat yarananı dövlət tərəfindən aldıqları pensiya pullarına aylarla həsrət qalırlar. Çünki kəndlərdə dediyim cihaz yoxdur, digər tərəfdən ictimai nəqliyyat da sovet dağılanı ləğv olunub. Vov, Vənədi, Ləkər, Conu, Vıjaker, Loda, Kaqoy, Hamarat, Bradi, Dzdipok, Siyov, Hovil, Mistan, Daster,... saymaqla qurtarmaz kəndlərin yaşlı adamları daha çox əziyyət çəkirlər.
Dzdipok kənd sakini, pensiyaçı İsfəndiyar Əşrəfov bu barədə deyir: - Respublikada bankomat mütərəqqi üsul olsa da, bizim başımıza bəladır. Aylarla pensiya pulumuz kartlarda qalır. 5-6 kəndi birləşdirən məntəqələrdə bir bankomat quraşdırılsa problem öz həllini tapar. Təəssüf ki, məsələni dəfələrlə qaldırsaq da, bizi eşidən olmayıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü