Qardaş harayına yetişmək əzəl gündən ən böyük vəzifəmiz olub. Azərbaycan və Türkiyə bir ananın iki oğlu olaraq bütün zamanlarda bir-birinə arxa-dayaq durub. Türkiyədən “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” nidası qopanda, Azərbaycanda ulu öndər Heydər Əliyev bütün dünyaya “Bir millət iki dövlət” mesajını yetirdi. Bu gün Azərbaycanla Türkiyə dünyada bir millət, iki dövlət olaraq tanınır.
Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bizi də çox sarsıtdı, qəmimizi, kədərimizi artırdı. Dövlətimiz, insanlarımız var gücləri qardaş harayına yetişdilər. Türkiyənin müxtəlif şəhərlərində, eləcə də Kahramanmaraşda baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış xilasetmə işləri aparılması məsələsində Azərbaycan mütəxəssisləri əllərindən gələn dəstəyi göstərdilər.
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Risqli Xilasetmə Xidmətinin əməkdaşları Kahramanmaraşda dağılmış binalarda həyata keçirilən axtarış-xilas etmə işində böyük əmək sərf etdilər. Azərbaycanın qəhrəman xilasediciləri (FHN) Xüsusi Risqli Xilasetmə Xidmətinin Bakı Alayının N saylı hərbi hissə Komandiri polkovnik-leytenant Xəlilli Məmməd İsfəndiyar oğlu hazırda Kahramanmaraşdadır və öz qardaş borcunu yerinə yetirməklə məşğuldur.
Bildirək ki, Xəlilli Məmməd yalnız bu gün qardaş harayına yetişənlərdən olmayıb. Keçən illərdə Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində də rəhbərlik etdiyi şəxsi heyəti ilə birgə iştirak edib.
O, respubika səviyyəli paradlarda, tədbirlərdə hər zaman öndə gedib.
Xəlilli Məmməd ölkə Prezidenti tərəfindən medalla təltif edilib. O, bir komandir kimi şəxsi heyətə hər zaman böyük qayğı və diqqətlə yanaşıb, onlara dost-yoldaş olmağı bacarıb.
Bəli, bu gün o yenə də vəzifə başındadır və öz şəxsi heyəti ilə qardaş Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması işində çalışır. Komandir şəxsi heyəti ilə çiyin-çiyinə böyük əziyyət və zəhmət bahasına öz üzərlərinə düşən vəzifəni yerinə yetirinlər. Polkovnik-leytenant özünü yalnız komandir kimi yox, dost, yoldaş kimi aparıb. Hazırda Kahramanmaraşda olan Xəlilli Məmməd kimi oğulları hər birimiz tanımalı və alqışlamalıyıq.
İradə SARIYEVA