“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var. Bu barədə sosial mediada məlumat yayılıb. Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
Sakinlər qeyd edir ki, vəziyyətdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var: “Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir".
"Kristal Abşeron": “Məsələ araşdırılır”
Məsələ ilə bağlı "Kristal Abşeron" şirkətindən bildirilib ki, məsələ araşdırılır, məlumat veriləcək.
Elmar Nurəliyev: “Vaxtında tədbir görülərsə, xoşagəlməz halların qarşısı alınar”
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, binanın qəzalı vəziyyətdə olub-olmaması araşdırılmalıdır. Adıçəkilən ərazidə olan bina qəzalı vəziyyətdədirsə sakinlər mütləq şəkildə yazılı şəkildə aidiyyəti qurumlara müraciət etməlidir. Vətəndaşlar ərizə ilə Fövqəladə Hallar Nazirliyi, rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməlidir. Ərizədə həmin ünvandan yaşayan sakinlərin adı, soyadı və əlaqə nömrəsi qeyd edilməlidir. Binada çökmə, əyilmə və ya çat əmələ gəlibsə bu araşdırılmalıdır. Ekspertizanın rəyindən sonra binanın sonrakı taleyi məlum olacaq. Ola bilsin ki, bina bərkitmə işi aparılsın. Yaşayış üçün uyğun olmadığı müəyyən edilərsə o zaman həmin bina sökülməlidir”.
Ekspert hesab edir ki, vaxtında tədbir görülərsə xoşagəlməz halların qarşısı alınar: “Onu da deyim ki, binanın durumu ilə bağlı binaya cavabdeh olan qurumlar da məsuliyyət daşıyır. Mənzil Müştərək Cəmiyyəti yaradılıbsa o və ya binanı tikən "Kristal Abşeron" şirkəti çoxmərtəbəli binada qeydə alınan qəzalı vəziyyətlə bağlı dövlət qurumlarına müraciət etməlidir. Çoxmərtəbəli binada yaşayan vətəndaşların təhlükəsizliyi ilə bağlı cavahdeh qurumlar müəyyən işlər görməlidir”.
Günel CƏLİLOVA