Cənub mirvarisi Lənkəranda “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında antinarkotik təbliğatı çərçivəsində növbəti maarifləndirici görüş rayonda özünəməxsus təhsil uğurları hesabına tanınan Şıxəkəran kənd tam orta məktəbində oldu.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin adını daşıdığı şəhid Namiq Aşurovun xatirə lövhəsinin önünə tər güllər düzüldü, Vətən torpaqlarının müdafiəsi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğlanların əziz xatirəsi yad edildi.
Mövzu ilə bağlı məktəblilər qarşısında çıxış üçün ilk söz alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov hazırda bütün bəşəriyyəti düşündürən, “Ağ ölüm” kimi tarixə düşən narkomaniyanın, eləcə erkən nikahların səbəb olduğu ağır nəticələrdən faktlar əsasında danışdı və bu neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcək təhlükələrini bir-bir göstərdi. “Narkotik vasitələrdən istifadə edən hər bir kəs uğurlu gələcəyini itirməklə, cəmiyyətdə həmişə geri qalır və sağalmaz dərdə düçar olmaqla dünyandan vaxtsız köçür. Bir də sağlam gənclik sağlam gələcəkdir. Bu gələcəyə nail olmaq üçün biz hamı bir nəfər kimi narkomaniyaya qarşı mübariz olmalıyıq”, - dedi. Axırda o, gənclərə pis vərdişlərdən uzaq durmağı, bir qayda olaraq idman məşqlərində, kütləvi idman tədbirlərində iştirak etməyi bildirdi.
Tədbirdə narkomaniyanın törədiyi ağıla sığmaz fəsadları özündə əks etdirən video-çarx göstərildi və mövzu ətrafında yaranan suallara Azər Cahangirov tərəfindən dolğun şəkildə cavab verildi.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü