Yeni tikililərdən ev alan ailələrin problemləri bitib-tükənmək bilmir. Bir çox hallarda vətəndaşlara edilən haqsızlıqlarla bağlı olunan müraciətlərə ümumi cavab verilir, məsələ öz həllini tapmır. Belə problemlərdən biri də yeni tikililərdə su puluna görə bütün mənzillərin suyunun kəsilməsidir.
Bu günlərdə Yasamal rayonunda olan bir sıra MTK-lara məxsus binaların suyu kəsilib. Belə ki, Qurban Xəlilov küçəsində yerləşən “Bakı” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının 10 183 manat borcu mövcuddur.
Məmməd Rahim küçəsində yerləşən “Rahat məkan” MTK-ya məxsus 16 mərtəbəli 166 mənzildən ibarət yaşayış binasının isə yığılmış borcu nə az, nə çox, düz 30 575 manatdır. Borcun ödənilməsi üçün binanın içməli su təchizatının dayandırılmasına qərar verilib.
Maraqlıdır, binada yaşayan bir neçə nəfərin su - kommunal ödənişi həyata keçirməməsinə görə bütöv binanın suyunun dayandırılması nə dərəcədə düzgündür?
Elçin Bayramlı: “Kimsə kommunal ödənişi etmirsə, həmin vəsaiti necə alacağı artıq “Azərsu”nun problemidir. Bunun digər vətəndaşlara aidiyyəti yoxdur”
Sosial məsələ üzrə ekspert Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi istehlakçıların borcuna görə binanın suyunun kəsilməsi qanunsuzdur: “Bu hegemon, quldur yanaşmadır. “Azərsu”nun fərdi şəkildə suyu kəsə bilmədiyi üçün bütov binanın və ya məhəllənin kommunal təchizatını kəsməsi düzgün deyil. Hər kəs, hər mənzil özünə cavabdehdir. Mən kommunal ödənişi vaxtı-vaxtında ödəyirəmsə, başqasının cəzasını çəkməməliyəm. Kimsə kommunal ödənişi etmirsə, həmin vəsaiti necə alacağı artıq “Azərsu”nun problemidir. Bunun digər vətəndaşlara aidiyyatı yoxdur. Belə bir təcrübə dünya ölkələrində yoxdur. Bu açıq-aşkar onu göstərir ki, qanunlara əhəmiyyət verən yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaş aylıq kommunal ödənişi etmirsə aidiyyəti qurum istehlakçını məhkəməyə verə bilər. Və ya həmin şəxsin mənzilinə su verilişi dayandırılmalıdır: “Onu da deyim ki, bu proses ay yarımdan tez ola bilməz. Ancaq bildiriş qəbzinin verilməsindən 10 gün keçəndən sonra suyu kəsirlər. Eyni zamanda, binada 5 ailənin borcu varsa bütün binaya su verilişi tam şəkildə dayandırılır. Bu isə açıq cinayət faktıdır. Istehlakçının borcu yoxdursa, kiməsə görə işığı və ya suyu kəsilibsə həmin şəxs həmin qurumu məhkəməyə verə bilər”.
Hüseyn Axundov: “Qanunvericiliyin tələblərinə görə, vətəndaşların digər borca görə işığının, qazının, suyunun kəsilməsi qəti qadağandır”
Hüquqşünas Hüseyn Axundov bildirdi ki, hər bir işin özünəməxsus icra qaydaları var. Elektrik enerjisi, su ödənişi edilibsə ora kənar şəxslərin müdaxiləsi ümumiyyətlə qadağandır. Hansı təyinatda borc yaranıbsa, ona şamil olunmalıdır. MTK-lar tikinti təşkilatıdır, onlar kommunal xidmət göstərən təşkilat deyillər: “Qanunvericiliyin tələblərinə görə, vətəndaşların digər borca görə işığının, qazının, suyunun kəsilməsi qəti qadağandır. Ona görə də vətəndaşlar məhkəmələrə müraciət etsinlər”.
Günel CƏLİLOVA