Hər birimiz müxtəlif nahiyələrimizdə müəyyən ağrılarla üzləşirik. Baş, diş, əzələ və ya hər hansı bir travma nəticəsində olan ağrılar. Dərhal ağlımıza gələn isə əlimizə keçən ilk ağrıkəsicini qəbul edib, ağrını müvəqqəti dayandırmaqdır. Əslində isə ağrıkəsici müvəqqəti xarakter daşıyır və hiss etdiyimiz ağrı bizə ciddi siqnal verə bilər. Biz isə müalicə yerinə digər xəstəliklər yaradan, hətta ölüm risqini belə artıran ağrıkəsicilərə üstünlük veririk.
Beynəlxalq tibb agentlikləri və məşhur həkimlər dəfələrlə ağrıkəsicilərin ziyanlı olması barədə məlumat veriblər. Xüsusən də İran istehsalı olan ağrıkəsicilərin istifadə olunmamasını israrla bildirirlər. Həkimlər bildirir ki, İran istehsalı olan ağrıkəsicilər infarkt risqini artırır. Bu səbəbdən adıçəkilən ölkəyə məxsus dərmanın istifadə olunmamasını məsləhət görürlər.
Qeyd edək ki, İran istehsalı olan ağrıkəsicilərin satış qiyməti digər preparatlarla müqayisədə ucuz olduğu üçün əksər alıcılar onlara üstünlük verir. Nəticədə isə çoxlu sayda insan həmin ağrıkəsicilərin qurbanı olur.
“Son zamanlar gənclər arasında infarkt keçirənlərin sayı artıb, bunun səbəbi isə İran istehsalı ağrıkəsicilərdir”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, sadəcə olaraq, ağrını müəyyən müddət azaldır. Ona görə də hər dərdin çarəsini ağrıkəsicidə axtarmaq lazım deyil: “Bu gün müxtəlif adda, qiymətdə ağrıkəsicilər var. İran istehsalı olan ağrıkəsicilərin ziyanlı olması, narkoik tərkibli olması haqda dəfələrlə ictimaiyyətə məlumat verilib. Düzdür, bu gün ölkəmizdə İran istehsalı dərmanların satışı qadağandır. İran preparatlarının ölkəmizdə satışı qadağan olunsa da İrandan gələn maşınların şoferləri həmin preparatları ölkəmizə rahat şəkildə gətirir. Həmçinin, İran dükanlarında da bu cür dərmanlar gizlin şəkildə satılır.Bu ölkəyə məxsus ağrıkəcilər infarkt riskini artırır. Açıqlanan statistik rəqəmlərə əsasən, son zamanlar gənclər arasında infarkt keçirənlərin sayı artıb. Bunun səbəbi isə qeyd etdiyim ağrıkəsicilərdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu dərmanlar mədənin selikli qişasını zədələyir, mədə xorası və qanama risqi yaradır. Mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edənlərin böyrəkləri də zədələnir. Bir çox ağrıkəsicilərin ürək xəstəlikləri risqini artırdığı da sübut edilib.
Günel CƏLİLOVA