Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Boş sahələrdə, park və yol kənarlarında əkilən ağacların bir qismi yerli olsa da, xeyli qismi müxtəlif xarici ölkələrdən gətirilir. Bir sözlə, şəhərin müxtəlif yerlərində olan parklarda yaşıllaşdırma işləri davamlı şəkildə aparılır. Ancaq bəzi ərazilərdə ağaclar kəsilir.
Bu günlərdə sosial şəbəkələrdə Gənclik parkında ağacların kəsilməsinə aid görüntülər yayılıb. Görüntülərdən bəlli olur ki, meşə tipli parkda olan ağaclar kəsilib.
Xətai RİH: “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib, onların yerinə…”
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazidə quruyan ağaclar kəsilib: “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”.
Flora Hacıyeva: “Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir”
Ekoloq Flora Hacıyeva bildirdi ki, son illər Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi iş adamları və məmurlar bu yaşıllıqlara qənim kəsilirlər. Əlbəttə, bu məqam da hamıdan çox sakinləri narahat edir. Pul qazanmaq, var-dövlət əldə etmək aidiyyatı məmurların gözlərini tutduğu üçün bu hallar baş verir, yüzlərlə, minlərlə vətəndaş istirahətdən, yaşıllıqdan məhrum olur: “Bu günlərdə Gənclik parkında ağacların kəsilməsi ilə bağlı məlumat yayıldı. Həmin parkda olan ağaclar müxtəlif səbəblərdən kəsilə bilər. Ola bilər ki, parkın ərazisində olan ağaclar quruyub. Bu səbəbdən də səlahiyyətli şəxslər onları kəsib. Onu da nəzərə almaq lazımdır ki, adıçəkilən park daha çox meşətipli park sayılır. Burada ağacların sayı çoxluq təşkil edir. İcra hakimiyyəti quruyan ağacları kəsibsə mütləq onların yerində yenisini əkməlidir. İstənilən halda yaşıllığın nə səbəbdən məhv edilməsi araşdırılmalıdır. Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın bölgələrində yaşıl soyqırım davam edir və bu da nəzarətsizlikdən baş verir. “Bəzi şəxslər pul qazanmaq üçün yaşıl soyqırımlar törədirlər. Yaşıl soyqırım törədənlərə qarşı ciddi tədbirlər görülməlidir. Prezident yaşıllıqların, meşələrin mühafizəsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıqlar verir. Prezidentin bütün sərəncamlarının, tapşırıqlarının icrasına ciddi nəzarət olunmalıdır”.
Günel CƏLİLOVA