Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmən bəyan etdi ki, diplomu olmayan ruhanilər məscidlərdən uzaqlaşdırılacaq. Dövlət Komitəsinin bu bəyanatı məscidlərdə diplomsuz işləyən ruhanilərin bir çoxunu narahat edib və onlar kütləvi şəkildə saxta diplom almağa başlayıblar.
“Milli Məclis tərəfindən “Dini etiqad azadlığı haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb. Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla “təmin etməyə” çalışıblar”.
Bunu mətbuata açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
Maraqlıdır, bu proses necə baş verir ki, onlara saxta diplom verilir? Bu saxta diplomları kimlər, hansı şəbəkələr verir ki, bu kütləvi xarakter alıb?
“İranyönümlü təhsil almış adamlar İrandan aldıqları diplomları gizlədirlər, guya burada vaxtilə fəaliyyət göstərən mədrəsələrin rəhbərlərindən sertifikat alıblar, ancaq...”
İlahiyatçı Tural İrfan bildirdi ki, belə bir qərarın verilməsi düzgündür: “İranyönümlü təhsil almış adamlar İrandan aldıqları diplomları gizlədirlər. Onlar burada vaxtilə fəaliyyət göstərən mədrəsələrin rəhbərlərindən sertifikat alıblar ki, guya burada təhsil alıblar. Bu mədrəsələrdə dünyəvi təhsilə uyğun sistemdə təhsil aparılması ciddi araşdırılmayıb. Məsələn, Zaqatalanın Əliabbas İslam mədrəsəsi var. Orada vaxtilə oxumuş, milli vətənpərvər ruhda olan şəxslərin bu gün diplomlarını vermirlər. Sadəcə arayış verirlər. Amma indi kimin ki adamı var, əvvəldən məscidlərdə işləyib, bu gün diploma ehtiyacı var, onların adlarını yazıb, hətta müəyyən məbləğ qarşılığında həmin şəxslərə diplomların verilməsi təşkil olunur”.
Ekspert hesab edir ki, saxta diplom əldə edənlər iranyönümlü şəxslərdir. Onları məscidlərə yerləşdirmək istəyirlər. Burada hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdırlar: “Ən pis tərəfi də odur ki, Bakı İslam Universitetinin 3 min 800-ə yaxın məzunu var. Onlar 5 illik Ali dini təhsil alıblar. Onların diplomunu Təhsil Nazirliyi tanımır. Bu da 5-ci kolonun təsirindəndir ki, diplomlar tanınmasın, həmin İranda oxuyanlar məscidlərə yerləşdirilsin. Burada Təhsil Nazirliyi cavabdehdir. Təəssüf ki, onlar buna cavab verə bilmirlər. Bu qədər tələbə Elmlər Akademiyasında elmi iş, dissertasiya müdafiə edib ali ruhani ola bilərdilər. Bu şəraiti yaradan Təhsil Nazirliyidir. 1989-cu ildə ölkədə yaradılan İslam Universitetinin diplomunu Təhsil Nazirliyi tanımır və qəbul etmir. Bu ciddi məsələdir”.
Günel CƏLİLOVA