Məlumdur ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal, 9 saat sonra 7,6 bal gücündə ikinci zəlzələ baş verib. Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 mindən çox bina dağılıb. Zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb.
Qardaş ölkədə baş vermis fəlakətdən sonra dağıntıların qeydə alındığı ərazilərdə böyük həcmli tikinti işləri aparılacaq. Bu işlər təbii olaraq ölkədə tikinti materiallarına olan tələbatı artıracaq.
Onu da qeyd edək ki, Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən material və mallar mövcud olurdu. Maraqlıdır, məlum hadisə Azərbaycanın tikinti bazarına necə təsir edəcək?
“Binaların yenidən inşa edilməsi üçün Türkiyədə yerli inşaat materiallarına tələbat artacaq, ola bilər ki, həmin dövrdə bizim Türkiyədən idxalımız azalsın”
Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, Türkiyədən idxal olunan santexnika, elektrik mallarının qiymətlərində dəyişiklik yoxdur. Amma bir müddət sonra bu təsir hiss olunacaq: “Məlumdur ki, Türkiyədə 24 min binanın inşası gözlənilir. Həmin binaların yenidən inşa edilməsi üçün Türkiyədə yerli inşaat materiallarına tələbat artacaq. Ola bilər ki, həmin dövrdə bizim Türkiyədən idxalımız azalsın. Türkiyə özü müəyyən tikinti materiallarını hətta xarici ölkələrdən və bizdən də idxal edə bilər. Hazırda Türkiyənin Malatya bölgəsindən ölkəmizə tikinti materiallarının, müəyyən məhsulların ixracı dayanıb, lakin digər bölgələrdən ixrac adi qaydada davam edir. Bazarda yetərincə tikinti məhsulları var. Bu da qiymətlərin stabil olmasına şərait yaradır. Yəni bazarda qıtlıq gözlənilmir. Mövsümlə əlaqədar mart ayından sonra tikinti bazarında tələbat artacaq. Ola bilsin ki, tələb artdıqca, qiymətlərdə də artım olsun”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycana tikinti malları əsasən Rusiyadan tədarük olunur: “Sement, meşə materialları, rəngli divar kağızları, qum, taxta-şalban, faner və digərləri Rusiyadan idxal olunur. Türkiyədən isə əsasən lak və boyalar, əhəng gətirilir. Gips Gürcüstandan tədarük edilir. Bununla yanaşı, Azərbaycan da tikinti materiallarının istehsalçısıdır və sementi, taxta-şalbanı, lakı, boyanı, əhəngi və s. ixrac edir. Taxta-şalbanın əsas ixrac bazarı Türkiyədir, digər tikinti materiallarının böyük hissəsi Gürcüstana tədarük edilir. Ehtimal etmək olar ki, Türkiyə bazarında Azərbaycanın tikinti materiallarına da tələbat artacaq”.
Günel CƏLİLOVA