Son zamanlar Bakı Nəqliyyat Agentliyi ilə “BakuBus” MMC arasında müəyyən narazılıqlar yaranır. Iki qurum arasında yaşanan münasibətin çətinliyini isə sadə vətədaşlar çəkir. Hər gün işə gedən və ya işdən evə qayıdan vətəndaşlar uzun müddət avtobus gözləməli olurlar.
Sərnişinlər 40-45 dəqiqə, bəzən 1 saat soyuq qış günündə dayanacaqda avtobusun gəlməsini gözləyirlər. Ancaq sonradan məlum olur ki, həmin daşıyıcıların ya sayı azaldılıb, ya da başqa istiqamətə yönəldilib. Onu da bildirək ki, bu hal daha çox Bakı kəndlərində müşahidə edilir.
“Biz ictimai nəqliyyatın inkişafına çalışarkən Bakı Nəqliyyat Agentliyi…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, ictimai nəqliyyatın bugünkü vəziyyəti insanı məyus edir: “Dövlətimiz son 20 ildə ilk dəfə dövlət şirkəti yaratdı, vəsait xərclədi, sonu da bu vəziyyətə gəlib çıxdı. Yəni avtobuslar bərbad vəziyyətdədir. Gün ərzində təxminən 300-ə yaxın avtobusun xəttə buraxılması o deməkdir ki, minlərlə sərnişin ya qucaq-qucağa gedir, ya da avtobus tapmır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Bakı kəndləri istiqamətində avtobuslar azdır. Bunu sahibkara vermək lazımdır və ondan avtobusları saz vəziyyətdə saxlamasını, işlətməsini tələb etmək olar. Bu gün Bakı kəndləri istiqamətində layihələr icra olunur: “Sadəcə, Bakı kəndlərinin, bəzi qəsəbələrinin tikinti normaları elə vəziyyətdədir ki, ora iritutumlu avtobus salmaq olmur. Məsələn, Masazır və Sulutəpə qəsəbələrinə irituutmlu avtobus salmaq üçün yolları söküb genişləndirmək lazımdır.
Onu da deyim ki, ötən il Hesablama Palatası üzə çıxardı ki, “BakuBus”da indi idarə olunan avtobuslardan 300-ü heç bir işə yaramayıb. Çünki Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu söküb bərbad hala salıb və başqa avtobuslar üçün ehtiyat hissələri kimi istifadə edib. Yəni bu birbaşa xəyanətdir, cinayətdir, bunun da cavabı verilməlidir. Biz ictimai nəqliyyatın inkişafına çalışarkən Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu niyə bərbad vəziyyətə salıb? Bu kimi problemlərin cəfasını sadə vətəndaşlar çəkir. Sərnişinlər saatlarla yolda avtobusun gəlməsini gözləyir. Gələndə isə insan əlindən avtobusa minmək olur. Ya gərək insanlar bir-birinin belində getsinlər, ya da taksidən istifadə etsinlər. Hər gün də taksi ilə işə, dərsə gedib-gəlmək mümkün deyil”.
Leyla QARAXANLI