Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılması barədə sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, müəllimlərin əmək haqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olundu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq, maaş artımları fevralın 1-dən hesablanacaq.
Maraqlıdır, əmək haqqı artımı kimlərə şamil olunacaq və nə qədər artım olacaq?
“Müəllimlər dövlətimizin göstərdiyi qayğıya cavab olaraq öz fəaliyyətlərini daha da gücləndirəcək”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, son illər təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox işlər görülüb: “Müəllimlərin əməkhaqlarının artırılması dövlətin sosialyönümlü siyasətindən irəli gələn məsələdir. Hər il bu istiqamətdə mühüm addımlar atılır. Prezidentin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin, eləcə də peşə məktəblərində çalışan müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar buna növbəti bariz nümunələrdir”.
Ekspert hesab edir ki, əmək haqqı artımı pedaqoqların daha səmərəli fəaliyyət göstərməsinə stimul olacaq. Müəllimlər də dövlətimizin göstərdiyi qayğıya cavab olaraq öz fəaliyyətlərini daha da gücləndirəcək.
Həmsöhbətimiz onu da vurğuladı ki, müəllimlər çox çalışsalar, yüksək nəticələr göstərə bilərlər, bəhrəsini bu cür görürlər: “Müəllimlərin əmək haqqının artması onların sosial durumuna müsbət təsir edəcək. Ali təhsili müəllimlərin əmək haqqı pedaqoji staja görə 607-785 manat arasında dəyişəcək. Orta ixtisas təhsilli pedaqoqların əmək haqqı staja görə 554-699 manat arasında olacaq. Onu da deyim ki, bu proses davamlı olacaq”.
Günel CƏLİLOVA