Cənub bölgəsi Lənkəranda əsrin bəlası olan narkomaniyaya qarşı maarifləndirici təbirlər ara vermir. Növbəti tədbir rayonun Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində oldu.
"Narkomaniyanın insanların həyat və sağlamlığına zərərli nəticələri" mövzusunda tədbir Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə, yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru, polis mayoru Fazil Bağırov, polis baş leytenantı Tahir Gənciyev, məktəbin VIII-XI sinif şagirdləri, rəhbərliyi və bir qrup müəllim heyəti olmaqla 70 nəfər iştirak edirdi
Çıxışlar zamanı natiqlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərindən, insan sağlamlığı üçün təhlükələrdən, ona yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar. Bildirdilər ki, narkotik vasitələrə qurşanan şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır, eləcə aludəçiliyin, zərərli təsirlərin acısından qurtula bilmir. Gəncləri düzgün, uğurlu yola yönəltmək valideynlərdən, daha çox müəllimlərdən asılıdır. Gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, ən əsası narkomaniyadan uzaq durmalıdır.
Dövlət başçısı İlham Əliyev hər zaman ölkə əhalisinin sağlamlığını prioritet məsələ sayır və gənclərin bir qayda olaraq idman məşqlərində, kütləvi idman tədbirlərdə iştirakını istəyir.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən video-çarxın nümayişindən sonra iştirakçıların suallarına ətraflı cavab verildi.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü