Lerik rayonun dağ kəndlərində acınacaqlı vəziyyət davam edir. Bu da illərlə yığılıb qalmış sosial problemlərlə bağlıdır.
Dağların döşünə sığınmış dağılmış evləri görəndə hər bir kəs belə qərara gəlir ki, müasir, müstəqil Azərbaycanımız o qədər sürətlə inkişaf edib, artır ona köhnədən qalma kənd lazım deyildir. Halbuki sovet vaxtı buraların özgə gözəlliyi, bolluğu adama gəl-gəl deyırdi. Hazırda o dövrün kənd adamının rahatlığı üçün qoyduğu hər şey yox olub.
Qısa desək, Lerik kəndlisinin bütün rahat həyat sadəcə əlindən alınıb. Bu dağ adamların gün-güzəranı başdan-başa problemdir. İndi isə hər beş dəqiqədə sönən işıqlar daha çox əsəbləri məhv edir. Hələlik sonu bilinməyən bu “oyunun” nəticəsində evində məişət cihazları yananlarda vardır. Keçən əsrin 60-cı illərdən qalma, dibi çürümüş ağac dirəklərin, sallanmış məftillərin yaratdığı başqa təhlükələri hələ demirəm.
Bir də, hazırda bütün Azərbaycan bilir ki, Lerikin dağ kəndlərində elektrik dirəkləri çoxdandır yararsız haldadır. Vəziyyəti qaydaya salmaqdan ötrü dəfələrlə vəsait ayrılıb. Amma acgöz məmurların ucbatından kəndlinin işıq problemi hallını tapmır ki, tapmır. Nəticədə 30 il bundan əvvəl lampaları işıqlı olan dağlar diyarın sayagəlməz kəndi indi ayın əksər günü qaranlıqda üzür...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü