Fevral ayının 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Uluslararası Ana Dili Günü ilə bağlı tədbir keçirilib. Açıq elmi müzakirə və dialoq səpkisində düzənlənən tədbirdə professor Vaqif Sultanlı və dr. İrəc İsmayılın yayına hazırladığı Azərbaycanın bir çox görkəmli alimlərinin dilin ayrı-ayrı problemlərinə həsr olunmuş məqalələrinin toplandığı “Ana dili - milli varlığın təməli” adlı kitabın təqdimatı keçirilib.
Tədbirin aparıcısı görkəmli türkoloq, professor Tofiq Məlikli Azərbaycan dilinin siyasi statusu ilə bağlı məqamları vurğulamış, Sovetlər Birliyinin dağılmasından sonra milli dilin inkişafı istiqamətində görülən və görülməsi zəruri olan məsələlərə toxunub.
Akademik Nizami Cəfərov Azərbaycan türkcəsinin mifoloji qatları, folklor qaynaqları, tarixi kökləri, türk dilləri içərisində yeri, o cümlədən çağdaş problemlərinə toxunmuş, həmçinin dilin adı ilə bağlı bu və ya digər şəkildə davam etməkdə olan mübahisələrə aydınlıq gətirib.
Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı kitabın yayına hazırlanmasının səbəblərinə diqqəti çəkmiş, Azərbaycanın Güneyində qırx milyondan artıq türkün ana dilində təhsil imkanlarının olmamasını, Quzeydə isə rus məktəblərinin çoxalmasını milli dili təhdid edən mühüm amil kimi dəyərləndirib.
Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli ana dilinin saflığının qorunmasında mətbuatın roluna diqqəti çəkmiş, xüsusilə televiziyaların üzərinə düşən vəzifələrdən bəhs edib.
Daha sonra professor Həbib Zərbəliyev, professor Rüstəm Kamal, professor Almaz Əliqızı, professor Paşa Qəlbinur, professor Rahid Ulusel, dosent Namik Murad, Türkiyə alimi Seyfəddin Altaylı, Misirin Ayn Şəms Universitetinin professoru Əhməd Sami Elaydi, folklorçu alim Əli Şamil, yazıçı Bəsti Əlibəyli və başqaları çıxış edərək nəşr olunan kitabın özəllikləri barədə fikir və mülahizələrini bildiriblər.
Müzakirələrdə həmçinin türk xalqları arasında ortaq ünsiyyət dili ilə bağlı məsələlərə də toxunulub.
Namiq QULİYEV