Tələbə Təhsil Mərkəzi hazırlıq kurslarının doktoranturaya hazırlıqla bağlı reklamı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Reklam üçün hazırlanmış paylaşımda doktoranturaya qəbul ilə hərbi xidmətdən azad olunmanın mümkünlüyünə diqqət çəkilib.
Sosial şəbəkə istifadəçiləri bunun hərbi xidmətdən yayınmaya çağırış kimi anlaşıldığını bildirərək sərt tənqidlər səsləndiriblər.
Aytəkin Kamranqızı: “Hazırda ölkəmizdə reklam siyasəti uğursuz şəkildə aparılır, ona görə də…”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, bəzi hazırlıq kursları özlərini reklam etmək üçün xoşagəlməz ifadələr işlədir, düzgün yanaşma ortaya qoymur ki, o ifadələr də narazılığa, ictimai qınağa səbəb olur: “Bu günlərdə təhsil mərkəzlərindən biri belə bir elan paylaşıb ki, doktoranturanı oxumaqla hərbi xidmətdən azad olmaq olar. Yəni həmin kursun xidmətlərindən yararlanan şəxs doktoranturaya qəbul olmaqla hərbi xidmətə getmir. Bu elanı edənlər reklamı, marketinq siyasətini düzgün qura bilməyib. Ümumiyyətlə, Azərbaycanın reklam bazarında reklamların dilində böyük problem yaşanır. Hazırda ölkəmizdə reklam siyasəti uğursuz şəkildə aparılır. Ona görə də bu cür xoşagəlməz mənzərə ortaya çıxır”.
Tələbə Təhsil Mərkəzi: “Qanunun müvafiq maddəsindən marketinq baxımından fərqli şəkildə istifadə etdik”
Tələbə Təhsil Mərkəzi hazırlıq kurslarından bildirildi ki, bu reklam qanunauyğun şəkildə hazırlanıb: “Biz cənab Prezidentin imzaladığı qanuna əsasən reklamı o şəkildə təqdim etmişik. Bu hamı tərəfindən eyni münasibətlə qarşılanmaya bilər, normaldır. Hər kəsin öz düşüncəsi var. Amma tənqidləri də etik çərçivədə qeyd etmək daha yaxşı olardı. O reklam əsla insanları hərbidən yayındırmaq kimi başa düşülməməlidir. Əksinə, bu vasitə ilə tələbələri elmə səsləmişik. Biz bununla mövcud qanunu aktual mövzu kimi diqqətə çatdırmışıq. Nəticədə doktoranturaya hazırlaşmaq istəyənləri kursumuza dəvət etmişik. Sadəcə, qanunun bu maddəsindən marketinq baxımından fərqli şəkildə istifadə etdik”.
Günel CƏLİLOVA