Məlum olduğu kimi, 15 fevral tarixindən etibarən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Artıq marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.
Məlumdur ki, belə məhsullar təbiətə düşdükdə uzun müddət parçalanmadan qala bilir və təbiəti çirkləndirməklə bərabər, canlı aləmə də çox mənfi təsir göstərir. Ekspertlər hesab edirlər ki, polietilen torbaların pulla satılması məhz həmin torbaların zibil kimi atılmasını azaldacaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısı alınacaq.
Ancaq bir qisim mütəxəssislər isə hesab edir ki, adıçəkilən məhsul ekologiyaya zərər verirsə tamamilə yığışdırılmalıdır. Politilen torbaların pulla satılması problem həll etməyəcək, əksinə, vəziyyət daha da pisləşə bilər.
“Polietilen torbalar ümumiyyətlə satışdan qaldırılmalıdır, bəs biz nə edirik, əksinə, risqi daha da yüksəldirik”
Qida mütəxəssisi Ağa Salamov bildirdi ki, polietilen torbaların satışdan çıxarılması və qadağası vacibdir: “Polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq. Polietilen torbalar dənizdə heyvanların yeminə çevrilir ki, bu da sonda plastik məhsulun boşqabımıza qədər gəlib çıxmasına səbəb olur. Nəticədə başda mədə problemləri olmaqla bir çox xəstəliklər qaçılmaz olur. Bu baxımdan polietilen torbalar ümumiyyətlə satışdan qaldırılmalıdır. Bəs biz nə edirik? Əksinə, risqi daha da yüksəldirik. Belə ki, satışda olan polietilen torbaları heç kim iki və ya üç ədəd almır. Pullu olduğuna görə əksəriyyət məhsulları eyni torbaya qoymalı olurlar. Düşünək ki, alış-veriş edən insan həm toyuq, həm də ağartı məhsulları alıb. Risqli olan toyuqların daşıdığı "salmonella" bakteriyasıdır ki, bu da bir torbaya yığılan başqa qidaları da bu bakteriyaya yoluxdurur. Bunun kimi, qırmızı ət və balıq məhsulları da bakteriya daşıyıcılarıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti insanların sağlamlığını düşünürdüsə, qeyd etdiklərimi nəzərə almalı idi. Yox, əgər ekologiyanı düşünürlərsə ,o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalıdır”.
Günel CƏLİLOVA