Son günlər hər kəsin diqqəti Türkiyədə baş verən zəlzələyə yönəlib. Alimlər zəlzələnin öncədən proqnoz edilmədiyini dəfələrlə bəyan ediblər. Ancaq belə bir fikir var ki, heyvanlar, xüsusilə də ev heyvanları zəlzələni öncədən hiss edir.
Türk Baytarlıq Daxili Xəstəliklər və Psixologiya Mütəxəssisi Professor H.Tamer Dodurka türk mediasına açıqlamasında deyib ki, itlər saniyədə 20 min ilə 80 min vibrasiya arasında olan səsləri asanlıqla eşidə bilirlər. Odur ki, Yerin altındakı titrəyişlərin insanları silkələmək səviyyəsinə çatmamış itlər tərəfindən eşidilməsi təəccüblü olmamalıdır.
Məlumata görə, evdə və bayırdakı itlər səbəbsiz yerə hürürsə, təlaşla qaçıb və ulayırsa zəlzələ olacağını hiss etməsidir. Hətta Türkiyədə zəlzələ olmazdan bir neçə dəqiqə öncə itlərin səbəbsiz yerə hürməsi, həyəcanlı olması ilə bağlı sosial şəbəkədə videolar yayılıb. Həmin görüntülərdən də aydın olur ki, heyvanlar zəlzələnin olacağını hiss edib və buna görə narahat olublar.
Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə bina evində yaşayanlar arasında it alıb saxlayanların sayı artıb.
“Ev heyvanlarının, xüsusilə də itlərin zəlzələni öncədən hiss etməsi dəfələrlə sübut olunub, bu səbəbdən də…”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ev heyvanlarının, xüsusilə də itlərin zəlzələni öncədən hiss etməsi dəfələrlə sübut olunub: “İndiki elmi inkişaf və texnologiya ilə zəlzələnin proqnozlaşdırılması mümkün deyil. Zəlzələləri proqnozlaşdırmaq üçün araşdırmalarla dəstəklənən nəzəriyyələrdən biri də heyvanlara əsaslanır. Bəzi elm adamları heyvanların zəlzələləri əvvəlcədən hiss edə bildiyini bildirirlər. Ev heyvanları zəlzələ baş verməzdən günlər, hətta həftələr öncə qəribə davranışlar göstərir. Məsələn, quşlar havada dövrə vurur, itlər qəfildən yerində dayanaraq ulayır, sahibini izləyib onu xəbərdar etməyə çalışır”.
Psixoloqun sözlərinə görə, qardaş ölkədə baş verən məlum hadisədən sonra ölkəmizdə binada yaşayanların it saxlamağa başlaması səbəbsiz deyil: “Buna səbəb insanlarda zəlzələ qorxusu və stressidir. Qeyd etdiyim kimi, illər öncə, hətta eramızdan əvvəl də heyvanların, xüsusilə də itlərin zəlzələni öncədən hiss etməsi deyilir və sübut da olunub. Bu səbəbdən də insanlar evlərində it saxlamağa başlayıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ev itləri saxlayanların sayının artması müasir dövrün dəbindən də irəli gələn bir haldır. Bu, dəb formasında ilk öncə Qərbdə mövcud olub. Qərbdə dəyərlər və yanaşmalar çox fərqlidir: “Məsələn, Amerikada hər beş ailədən birində it və ya pişik saxlayırlar. Yəni bu, Qərbdən gələn bir ənənədir. Əgər parklarda ev iti gəzdirən cavanların geyimlərinə fikir versək, daha açıq-saçıq, Qərb tipində geyindiklərinin şahidi olarıq. İstənilən halda, depressiv fonu azaltmaq üçün təbiətlə, heyvanlarla ünsiyyətdə olmaq çox faydalıdır”.
Günel CƏLİLOVA