Bakının bəzi qəsəbədaxili yollarındakı bərbad durum çoxlarına məlumdur. Uzun müddətdir təmir olunmayan yollar sakinlərə problemlər yaradır. Təəssüf ki, bu problemin həlli istiqamətində atılan addımlar hələ də effektiv nəticə vermir. Baxmayaraq ki, ən yüksək səviyyədə Bakının qəsəbədaxili yollarının təmiri ilə bağlı göstəriş verilib. Ancaq hələ də müvafiq qurumlar buna ciddi yanaşmır.
Belə bir vəziyyət Xətai rayonu, Mirzə Davud küçəsində yaşanır. Bu ərazidən kanalizasiya suları axdığı üçün yol çala-çuxur olub. Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Həmin ərazisinin sakinləri qeyd edir ki, küçədə yollar o dərəcədə bərbad haldadır, taksi sürücüləri bura gəlmək istəmir. Yolun bərbad olması ilə yanaşı, maraqlı məqam ondan ibarətdir ki, aidiyyəti qurum yolu təmir etmək əvəzinə çala-çuxur olmuş yola xalı sərib. Sakinlərin dediyinə görə, hər gün yüzlərlə insanın, xüsusilə məktəblilərin hərəkət etdiyi, kanalizasiya sularının axdığı, çala-çuxur yolu yerli bələdiyyə və icra nümayəndəliyi gah karton kağızlarla, taxta parçaları ilə, gah da torpaqla yamamağa çalışır.
Xətai RİH: “Sözügedən yol nəzarətdədir”
Yaranmış vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən yol nəzarətdədir: “Ötən il yolun bir hissəsi təmir olunub, hava şəraitinə görə işlər dayandırılıb. Mirzə Davud küçəsi və Polad Həşimov qəsəbəsinin bir hissəsində qalan asfalt işləri mart ayının axırı tamamlanacaq. Bu barədə aidiyyəti qurumlara məlumat verilib”.
Elxan Əliyev: “Yolu təmir etmək əvəzinə xalı və ya karton döşəmək gülüncdür”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, yollar kimin mülkiyyətindədirsə, onlar təmir etməlidir. Bələdiyyə mülkiyyətidirsə, o zaman həmin qurum bunu etməlidir. Dövlət əhəmiyyətli yoldursa, o zaman dövlət bu işi görməlidir. Yolu təmir etmək əvəzinə xalı və ya karton döşəmək gülüncdür. Xalı, karton çala-çuxur yolu düzəldəcək? Problemi həll etmək lazımdır”.
Günel CƏLİLOVA