Bu gün ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.
Trend-in məlumatına görə, humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.
Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq. Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.
Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.
"Bugünə qədər humanitar yardımlar Azərbaycandan Türkiyəyə hava və quru yolu ilə göndərilirdi. Hazırda humanitar yardımları 25 konteynerdən ibarət yük qatarı ilə yola salırıq. Bu qatar Bakı-Tiblisi-Qars dəmiryolu xətti üzrə 3 gün ərzində qardaş Türkiyəyə çatdırılacaq. Biz bu humanitar yardımların dəmiryolu vasitəsilə çatıdırılmasında əlimizdən gələni əsirgəmiyəcəyik", - bunu isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.