"Zərərli vərdişlərin və narkotik maddələrin insan sağlamlığına mənfi təsirləri” mövzusunda növbəti maarifləndirici tədbir Lənkəran rayonunun Şağlaser kənd ümumi orta məktəbində keçirildi.
Təşkilatçıları Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Şəhər-Rayon Polis Şöbəsi olan tədbirə iki məktəbdən150 şagird qatılmışdı. Vətən yolunda can qoyub şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə hər iki məktəbinin direktorların, Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamiyevin, Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadənin, ictimai təhlükəsizlik bölməsinin baş inspektoru, polis mayoru Fazil Bağırovun, polis baş leytenantı Tahir Gənciyevin çıxışlarında şagirdlərlə sağlam həyat tərzi, narkomaniya, erkən nikah, dərsdən yayınma, eləcə intihara yox deyək mövzularında geniş tərkibli söhbət aparıldı.
Bildirildi ki, hazırda bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri narkomaniyadır. “Ağ ölüm” ün səbəb olduğu dəhşətli nəticələr insan həyatını məhvə aparır. Təəssüflər olsun bu bəla bizdən də yan ötmür. Yeniyetmə və gənclərin gələcəkdə bu zərərli vərdişə qurşanmaması, fiziki və mənəvi cəhətdən sağlam yetişmələri üçün vaxtaşırı olaraq kollektivlərlə belə maarifləndirici görüşlərin təşkili çox vacibdir. Gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır. Dövlət başçısı İlham Əliyev özü də hər zaman bildirir ki, ölkə əhalisinin sağlamlığı əsas prioritet məsələdir. Həmişə də gəncləri idman məşqlərinə, kütləvi idman tədbirlərdə iştirak etməyə çağırır.
Natiqlər həmçinin ölkəmizdə ölümcül bəşəri bəlaya qarşı aparılan mübarizə haqqında faktlar əsasında geniş məlumat verdilər.
Şagirdlərin iştirakı ilə mövzu ətrafında müzakirə də yüksək səviyyədə alındı. Axırda onlara bir daha narkomaniyadan, zərərli vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq tövsiyə edildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü