Məlumdur ki, 15 fevral tarixindən etibarən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Artıq bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.
Polietelin torbaların pulla satılmasının məqsədi ekologiyanı təmizləməkdir. Danılmaz faktdır ki, hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Buna görə də dünyada polietilen torbalardan imtina edilir. Hazırda bir sıra Avropa ölkələri ilə yanaşı, bəzi keçmiş sovet ölkələrində də polietilen torbalara qadağa tətbiq edilir.
Artıq ölkəmizdə də adıçəkilən daşıyıcı vasitələr pulla satılacaq. Maraqlıdır, marketlər buna hazırdırmı?
“Bazarstore” marketlər şəbəkəsi: “Bununla bağlı müəyyən dizayn hazırlanıb və istehlakçı mağazaya yaxınlaşanda bu dizaynları görür və məlumatlı olur”
“Bazarstore” marketlər şəbəkəsindən bildirildi ki, artıq bu qaydanı tətbiq etməyə başlayıblar: "Bu saata qədər hələ ki, müştərilərdən bir şikayət daxil olmayıb. Bir neçə gündür ki, bununla bağlı xəbərlər yazılırdı və hər kəsin məlumatı var. Hətta bununla bağlı müəyyən dizayn hazırlanıb və istehlakçı mağazaya yaxınlaşanda bu dizaynları görür və məlumatlı olur”.
"Rahat" marketlər şəbəkəsi: “Kiçik və böyük paketlərin hər ikisi də standart qiymətlər əsasında satılır”
"Rahat" marketlər şəbəkəsindən isə bildirildi ki, onlar da göstərilən tarixdən etibarən torbaların satışını bərpa ediblər: "Biz də polietilen torbaların satışına başlamışıq. Kiçik və böyük paketlərin hər ikisi də standart qiymətlər əsasında satılır”.
Eldəniz Əmirov: “Marketlər tərəfindən istehlakçılara alternativ variantlar təklif olunmalıdır, bir neçə seçim olmalıdır ki…”
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, bu prosesə mütləq şəkildə nəzarət olunmalıdır ki, hansısa market torbaları pulsuz satdığını bildirməsin, yəni rəqabət şəraiti pozulmasın. Buna nəzarət edilməlidir: “İkinci məsələ odur ki, marketlər tərəfindən istehlakçılara alternativ variantlar təklif olunmalıdır. Bir neçə seçim olmalıdır ki, bəlkə kimsə başqa növ torbadan istifadə etmək istədi. Bunlar çox önəmli detallardır".
Günel CƏLİLOVA