Cəbrayıl rayonunun Çələbilər kəndindən məcburi köçkün, hazırda Binəqədi rayon şose 7, döngə 9-da məskunlaşmış Beydullayeva Minayə Ələkbər qızı “Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyevə müraciət edərək, üzləşdikləri problemin ictimailəşdirilməsinə dəstək istəyib.
M.Beydullayeva müraciətində bildirir ki, qəyyumluğunda olan nəvəsi Əliyev Qabil Əli oğlunun adına özünün xəbəri olmadan mis alqı-satqısı həyata keçirilib. “...Yazıb sizə bildirirəm ki, qəyyumluğumda olan nəvəm Əliyev Qabil Əli oğlu 2018-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsinə daxil olub. Oxuduğu dövr ərzində heç bir peşə fəaliyyəti ilə məşğul olmayıb. Lakin Əliyev Qabilin özünün xəbəri olmadan adına 21956 kq 186632 min manat dəyərində əlvan metal olan mis satılıb. Bu məsələdən isə bizim və uşağın xəbəri 11.06.2021-ci il tarixində Əliyev qabilin adına vergi borcu ilə bağlı gələn məktubdan sonra olub”.
Bundan sonra bu məsələni araşdırdıqlarını bildirən M.Beydullayeva qeyd edir ki, bu zaman çox maraqlı faktlarla qarşılaşıblar. “Məsələ ondan ibarətdir ki, rektor Fuad Hacıyev və ATEF şirkəti ortaq şəkildə tələbələrin adına bu işləri həyata keçiriblər. Bu cinayətlər necə baş verib? Əliyev Qabilin oxuduğu qrupun “sinifkom”u Nəsibov Məmməd Nəsib oğlu tələbələrin şəxsiyyət vəsiqələrini dekanlığın adından yığaraq lazım olan adamlara göndərirmiş. Həmin adamlar isə şəxsiyyət vəsiqələrini ATEF şirkətinə göndərirmiş. Orada isə tələbələrin adına külli miqdarda alış aktı ilə əlvan metal olan mis alqı-satqısı həyata keçirilib. Bu hal bir neçə tələbənin adına olub. Nəvəm Əliyev Qabilin adına 8 alış aktı ilə iyirmi bir ton doqquz yüz əlli altı kq mis satılıb”.
Şikayətçinin sözlərinə görə, bu halla bağlı dəfələrlə ATEF şirkətinin rəhbəri Talıb Əlixanbəyova və akademiyanın rektoru Fuad Hacıyevə müraciət etsələr də, müraciətlərinə baxılmayıb, onları qəbul etməyiblər.
M.Beydullayeva yazır ki, buna görə də, çıxış yolunu məsələnin “Bakı-Xəbər” vasitəsilə işıqlandırılmasında görüblər.
Qeyd edək ki, şikayətçi həmçinin nəvəsi Q.Əliyevin müraciəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıq üzrə Baş İdarəsinin təqdim etdiyi sənədin surətini də məktuba əlavə edərək redaksiyamıza göndərib.
Bu məsələnin həqiqət olub-olmadığını hələ deyə bilmərik. İddia etmirik ki, belə bir hal baş verib. Amma bütün hallarda, bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və ATEF-lə araşdıracağıq.
Redaksiyamıza ünvanlanan şikayət məktunda yer alan məsələni dəqiqləşdirmək üçün ATEF (0502252272) şirkəti ilə əlaqə saxlamağa cəhd etsək də, cəhdimiz alınmadı. Amma bütün hallarda şirkətin mövqeyini öyrənməyə çalışacağıq.
Şikayətçinin iddiası ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə də əlaqə saxladıq. Akademiyadan bunun yalan söhbət olduğunu bildirməkə yanaşı, məsləhət gördülər ki, əgər vətəndaşın şikayəti varsa, müvafiq dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına müraciət etsin.
Namiq QULİYEV