Son zamanlar binaların, metrostansiyaların qabağında, maşınların qarajında 3-ü 10 manata kənd çolpası adı ilə toyuqlar satılır. Ucuzluğuna həvəslənib, alanlar da az deyil. Onu da bildirək ki, toyuq ətinin bir kiloqramı 5 manat olduğu halda 3 ədədi 10 manata təmizlənmiş toyuqların satışı həmin məhsulların mənşəyi barədə şübhələrə səbəb olur.
Ekspertlər bildirir ki, yol kənarında 3-ü 10 manata satılan toyuqlar ölkəmizə daha çox Belarusdan gətirilir. Onun sözlərinə görə, bu toyuqlar dondurulmuş halda olurlar və qablaşdırmanın üzərində 2-ci sort olduğu qeyd edilir. Sadəcə, bəzi işbazlar qablaşdırmanı cırır, keyfiyyətsiz məhsulu kənd çolpası adı ilə satmağa çalışırlar.
Maraqlıdır, bu toyuqlar niyə belə ucuzdur? İnsan üçün ziyanları nələrdir?
“Bu toyuqların tərkibində nəyin olub-olmaması, onlara hansı baytarlıq dərmanlarının vurulduğu məlum deyil, açıq şəkildə satılan bu toyuqlardan insanlar uzaq durmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu şəkildə ucuz qiymətə satılan toyuqlar, təbii ki, broyler fabrikinin məhsulları deyil. Bəzi toyuqçuluq təsərrüfatlar var ki, burada digər broyler fabriklərinə vermək üçün yumurta hazırlayırlar: “Bu təsərrüfatlarda olan toyuqlar yumurtlamayan, yaşlanmış, böyük olsa da sərt ətli olur. Həmin toyuqlar yumurta vermədiyinə görə onları kəsib, ucuz qiymətə satırlar. Əlbəttə ki, ev təsərrüfatında da bu cür toyuqlar bazara çıxarılır. Lakin onları baha qiymətə satırlar. Bu toyuqların tərkibində nəyin olub-olmaması, onlara hansı baytarlıq dərmanlarının vurulduğu məlum deyil. Açıq şəkildə satılan bu toyuqlardan insanlar uzaq durmalıdır. Qeyd edək ki, onlar əsasən gec bişən və yumurtlamayan kürt toyuqlardır.
Təbii ki, istehlakçıların ucuz və keyfiyyətli məhsullar almasının tərəfdarıyıq. Lakin broyler toyuqları da bu məhsullardan daha az şübhəli deyil. Tək fərq broyler toyuqlarının tam baytar nəzarətində olmasıdır”.
Birlik sədri onu da əlavə etdi ki, Belarusdan gətirilən ucuz toyuqlar təhlükəsiz olsalar belə keyfiyyətli deyil. Kənd toyuğu adı altında satılan toyuqlarda da müəyyən problemlər yaranır. Bəzən antisanitar şəraitdə istehsal olunur: “Bütün hallarda istehlakçılar 1003 "Qaynar xətti"nə məlumat verə bilərlər. Azad İstehlakçılar Birliyi olaraq biz istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıyıq. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların yalnız təhlükəsizliyinə cavabdehdir. Keyfiyyət məsələsi ilə bağlı heç bir dövlət qurumu cavabdehlik daşımır. Qida məsələsində dövlətin siyasəti dəyişməlidir”.
Günel CƏLİLOVA