Yardımlı rayon Mərkəzi Kitabxanasında baş tutan növbəti tədbir olduqca vacib bir məsələyə toxunurdu. “Narkomaniyaya yox deyək” adlanan təbir rayon Polis Şöbəsinin təşəbbüsü ilə keçirilirdi. Təşkilatçıları isə Yardımlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, Mərkəzi kitabxana sistemi idi. Burada məqsəd yetkinlik yaşına çatmayan uşaqların, gənclərin arasında narkomanlığın yayılmasının, onların tərəfindən törədilən cinayətlərin, həmçinin az yaşlıların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nikaha cəlb olunma hallarının qarşısının alınmasından irəli gəlirdi. Adı çəkdiyim idarə, müəssisə əməkdaşlar ilə bərabər rayonda fəaliyyət göstərən peşə məktəbinin müəllim-şagird kollektivi, eləcə valideynlər də tədbirə qatılmışdı.
Tədbirdə birinci söz Polis Şöbəsinin əməkdaşı Tural Quliyevə verildi. T.Quliyev: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” icrası əsasında rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçiririk. Narkotik vasitələr və onların fəsadları, insan sağlamlığına vurduğu zərərlər, bu vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bizim tərəfimizdən görülən qətiyyətli işlər, alınan nəticələr yüksək səviyyədədir. Qaldı ki, indiki zamanda bəşəri bəla olan narkomanlıqla hər kəsin amansız davranmağı lazımdır”, - dedi.
Söz İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədovaya çatanda o, azyaşlıları erkən nikaha cəlb etmə hallarının qarşısını almaqdan ötrü valideynlərə erkən nikahların yol açdığı ağır fəsadlardan, bu səbəbdən yaranan ailə faciələrdən danışdı, həmçinin belə tədbirlərin müntəzəm təşkilinin böyük əhəmiyyətini bildirdi.
Digər çıxışlarda da pis vərdişlərin insan həyatında acı nəticələrdən danışıldı, sağlam yaşamağın yolları göstərildi. Yekunda isə görüş iştirakçılarının suallarına ətraflı cavablar verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü