Fevralın 6-sı səhər saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ nəticəsində minlərlə insan həyatını itirdi və yaralandı. Türkiyədə baş verən məlum fəlakətdən sonra ölkəmizdə də zəlzələnin ola biləcəyi ilə bağlı məlumatlar yayılır.
Son günlər sosial mediada ölkədə zəlzələ baş verəcəyi haqda məlumatlar yayılır. Təbii ki, bu məlumatlar insanlar arasında gərginliyə, narahatlığa səbəb olur. Sosial şəbəkələrdə yayılan bu cür məlumatların qarşısını necə almaq olar?
“Azərbaycanda zəlzələnin ola biləcəyi ilə bağlı rəsmi məlumat olmadığı halda sosial şəbəkə istifadəçiləri bunun əksini deyir, onlar alimlərdən, seysmoloqlardan çox bilirlər?”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial media üzərindən zəlzələ ilə bağlı əsassız və əsilsiz məlumatların yayılması doğru yanaşma hərəkəti deyil. Media bir qayda olaraq həqiqəti əks etdirməyən məlumatları yaymamalıdır: “Zəlzələ ilə bağlı sosial şəbəkə istifadəçilərinin istədikləri xəbəri paylaşması düzgün deyil. Sosial şəbəkə istifadəçiləri bu platforma sayəsində istədiklərini yazıb paylaşırlar. Zəlzələ, fəlakət kimi həssas mövzulara insanlar necə gəldi yanaşır. Təəssüf ki, bu cür məlumatları yayanlar arasında media işçiləri, jurnalistlər də var. Onlar İP qazanmaq üçün bu cür xəbərlər tirajlayaraq insanları gərginlik içərisində saxlayırlar. “Filankəs filan yerdə belə dedi”, “Bakıda 9 bal gücündə zəlzələ olacaq” kimi məlumatları yaymaqla insanları təşviş içərisində saxlayırlar. Bu cür həssas dönəmdə cəmiyyəti çaşdırmaq, qorxutmaq olmaz. Jurnalistlər, sosial media fəalları bu tip məlumatları yaymaqdan, paylaşmaqdan çəkinməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sosial media istifadəçiləri cəmiyyəti məlumatlandırmaq istəyirsə mütəxəssislərin rəyinə önəm versinlər. Bir şeyi də unutmaq lazım deyil ki, zəlzələnin baş verə biləcəyini öncədən bilən hər hansı bir cihaz kəşf edilməyib. Yəni dünya elmi hələ zəlzələni proqnazlaşdıra bilmir. Sadəcə ehtimal üzərindən fikirlər bildirirlər: “Azərbaycanda zəlzələnin ola biləcəyi ilə bağlı rəsmi məlumat olmadığı halda sosial şəbəkə istifadəçiləri bunun əksini deyir. Onlar alimlərdən, seysmoloqlardan çox bilirlər?”.
Günel CƏLİLOVA