44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbədə qazi Müşfiq Arif oğlu Nəsirov da əsl qəhrəmanlıq nümunəsi göstərib. Onun döyüş yolu Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarında keçib.
Vətənin qəhrəman oğlu doğma Azərbaycana olan məhəbbətini erməni dığalarına qan qusdurmaqla bir daha sübut edə bilib. Dövlət də Müşfiq Nəsirovun müharibə meydanında göstərdiyi şücaəti nəzərə alaraq onu “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Qubadlının azadlığına görə medallar ilə təltif edib. Qəhrəmanımız Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə kəllə-beyin travması aldığı üçün 3-cü qrup əlildir.
Ömrünün 24-cü ilini yaşayan Müşfiq Nəsirov böyüyüb başa çatdığı Masallı rayon, Təzə Alvadı kəndində insanlar tərəfindən həmişə hörmət, qayğı görür. Bu günlər “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi onu ziyarət edib. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib.
Müşfiq isə müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşməklə bərabər, bildirib ki, Vətən müqəddəsdir, yolunda can qoymağa dəyər. Onu yaşatmaq qeyrətli oğlanların işidir. Vətənimə, xalqıma layiqli övlad olmağı özümə şərəf bilirəm.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü