Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələri yaradılıb.
Regional turizm idarələrinin yaradılması turizm sahəsində hansı yeniliklərə səbəb olacaq? Maraqlıdır, regional turizm idarəsi Naxçıvanda niyə yaradılmayıb?
“… həmin ərazidə Naxçıvan Turizm Departamenti var”
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vaxtilə Mədəniyyət və Turizm Nazirliyinin hər bir rayon üzrə şöbəsi var idi: “Sonra həmin şöbələr regional idarələrə çevrildi. Mədəniyyət Nazirliyi Turizmdən ayrıldıqdan sonra həmin mədəniyyət idarələri qaldı, ancaq bölgələrdə turizmi idarə edəcək bir qurum yox idi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin fərmanı ilə regionlarda turizm idarələri yaradıldı”.
Həmsöhbətimiz hesab edir ki, regional turizm idarələrinin yaradılması turizm sektoruna müsbət təsir edəcək. Regional turizm idarələri sayəsində informasiyalar daha operativ şəkildə toplanılıb idarə olunacaq. Həmçinin, turizmin inkişafı yönündə zəruri işlərin görülməsi üçün regional turizm idarələrinin yaradılması mühumdur: “Artıq bir sıra bölgələr üzrə regional turizm idarələri yaradılıb. Gələcəkdə Qarabağ Zəngəzur üzrə də regional turizm şöbələrinin yaradılması gözlənilir. Naxçıvanda belə bir şöbənin yaradılmamasının səbəbinə gəldikdə, həmin ərazidə Naxçıvan Turizm Departamenti var. Hesab edilir ki, ümümi Naxçıvan üçün həmin departamentin varlığı bu sahə üçün kifayətdir. Ola bilsin ki, gələcəkdə Naxçıvanın rayonları üzrə Naxçıvan Turizm Departamentinin hansısa şöbələri yaradılsın”.
Günel CƏLİLOVA