Ali məktəblərə qəbul olunanlar arasında paytaxt sakinləri üstünlük təşkil edir. Bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) HR Forumunda İdarə Heyətinin sədri Araz Paşayev deyib.
O qeyd edib ki, hər il regionlardan ali məktəblərə qəbul olanların sayında azalma müşahidə edilir. Maraqlıdır, paytaxt Bakı ilə müqayisədə regionlarda ali məktəblərə qəbul sayı niyə aşağıdır?
“Hər il ali təhsil müəssisələrinə təxminən 45 min tələbə qəbul olur, 45 minin 30 minə yaxını Bakı və ətraf ərazilərin payına düşür”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əhalinin böyük əksəriyyəti Bakı şəhəri və ətraf ərazilərdə məskunlaşıb. Bu səbəbdən də onların təhsilə əlçatanlığı daha rahat təmin olunur.
Həmsöhbətimizin sözlərinə görə, rayonlarda yaşayanların ali məktəbə qəbul səviyyəsinin zəif olmasının müəyyən səbəbləri var: “Belə ki, rayon sakinlərinin müvafiq sınaq imtahanlarında iştirakı hər dəfə mümkün olmur. Bununla bağlı rayon sakinləri böyük çətinlik qarşısındadırlar. Həmçinin, rayon məktəblərində bəzi müəllimlərin öz zəhməti hesabına şagirdlər bilik və bacarığa sahib olur. Region məktəblərində yaşanan əsas problemlərdən biri də 9-cu sinifdən sonra qızların təhsildən yayındırılmasıdır. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, regionlarda ali və kolleclərə qəbulda qızların sayı azlıq təşkil edir. Təəssüf ki, bölgələrdə qızlarla yanaşı oğlanlarda da qəbul sayı ürəkaçan vəziyyətdə deyil. Rayonda yaşayan oğlanlar 9-cu sinifdən sonra təhsilini dayandırıb, müxtəlif sahələrdə çalışmağa başlayır".
E.Əfəndinin sözlərinə görə, bölgələrdə yaşayanlar daha çox kolleclərdə təhsil almağa üstünlük verir. Rayon əhalinin ali təhsilə marağının artırılması üçün regional təhsil idarələri əhali arasında maarifləndirmə, təbliğat işləri aparmalıdır.
Həmsöhbətimiz onu bildirdi ki, hər il ali təhsil müəssisələrinə təxminən 45 min tələbə qəbul olur. 45 minin 30 minə yaxını Bakı və ətraf ərazilərin payına düşür.
Günel CƏLİLOVA