Turizm iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Artıq bunu dünya təcrübəsi də sübut edib. Azərbaycanda da turizm istiqamətində məqsədyönlü işlər görülüb. Turizm obyeklərinin sayı artıb, ölkəyə turist axını güclənib.
İstirahət üçün regionlara üz tutan əcnəbi və yerli turistlər, qısa müddət də olsa, şəhərin səs-küyündən ayrılıb, kənd həyatını yaşamağı arzu edirlər. Ancaq bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərində qiymətin günü-gündən artması onların müştərisiz, boş qalmasına səbəb olur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda hotellərin 84,3 faizi istifadəsiz qalıb. Belə ki, 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi 15,7 faiz səviyyəsində olub. 2021-ci ildə isə bu göstərici 11,1 faiz təşkil edib.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, hotellərdə istirahət edənlərin sayı azalıb. Buna baxmayaraq, hotellərdə qiymət dəyişikliyi baş vermir, əksinə, qiymət daha da artır.
“Azərbaycanda region hotelleri verdiyi xidmətlərə görə deyil, tələbata və mövsümə görə qiymətləri bahalaşdırır”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm bildirdi ki, bölgələrdə olan mehmanxana və hotellərdə qiymətin baha olması hər zaman aktual olub: “Ötən illərlə müqayisədə bölgələrdə olan hotellərin boş qalmasının bir neçə səbəbi var. Məlumdur ki, bölgələrə üz tutan paytaxt sakinləri əsasən səhər gedib axşam dönüşü olan istirahətə üstünlük verirlər. Gecələmə ilə rayonlara səfərə çıxan ziyarətçilərin çoxu kirayə evləri, kotec tipli istirahət mərkəzləri və ya 3-4 ulduzlu hotelləri seçir. Pandemiyaya qədər ölkəmizə olan turist axını hotel infrastrukturunu kifayət qədər genişləndirdi. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də bu sahəyə investisiya qoyuluşu artdı. Ancaq buna baxmayaraq, hotel kimi fəaliyyət göstərən obyektlər daxili tələbatı ödəməkdə çətinlik çəkir”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda region hotelleri verdiyi xidmətlərə görə deyil, tələbata və mövsümə görə qiymətləri bahalaşdırır. Hotellərin doluluq göstəricisi 50 faizi ötəndə artıq qiymətlər artırılır. Bu daha çox yay aylarında, həftə sonlarında və bayramlarda baş verir.
Günel CƏLİLOVA