Əkrəm Həsənov: “ANS rəhbərliyi bu mövzuda cavabdehdir və hüquqi məsuliyyət daşıyır”

"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki, hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Demək hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu azmış kimi, gələcəyimdən də oğurlanıb...”.
Bu barədə aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yazıb. Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərinin fərdi hesabda toplanmamasından şikayət edən aparıcı bildirib ki, hər ay vaxtlı-vaxtında vergiləri ödəyib, hətta elə ay olub ki, bu ödənişlərə maaşından aylıq 200 manat çıxılıb.
U.Qarayevanın fikirlərinə vaxtilə sözügedən qurumda çalışan çoxlu sayda jurnalist qoşulub.
Maraqlıdır, aparıcı U.Qarayevanın məlum probleminin yaranmasının səbəbi nə ilə bağlıdır? Ümumiyyətlə, vətəndaşın çalışdığı şirkətin hazırda fəaliyyətini dayandıra biləcəyini nəzərə alsaq, fərdi hesabda toplanmış kapitalı necə bərpa etmək olar?
- “DSMF-yə məcburi sosial sığorta haqqını işə götürən ödəməlidir, bu həmişə belə olub, işə götürən bu qaydaya əməl etməyibsə…”
Hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqını işə götürən ödəməlidir. Bu həmişə belə olub. Işə götürən bu qaydaya əməl etməyibsə bu onun günahı və səhvidir. Bununla bağlı araşdırma aparılmalıdır: “Bu tip işlər onu göstərir ki, ortada cinayət faktı var. Bu səbəbdən də şikayətçi və eyni problemlə üzləşən şəxslər məhkəməyə müraciət etməlidir. Söhbət ANS-dən gedirsə onun rəhbərliyi bu mövzuda cavabdehdir və hüquqi məsuliyyət daşıyır".
Həmsöhbətimizin sözlərinə görə, hər bir işə götürənin fəaliyyəti aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Yoxlama zamanı bu tip faktların niyə aşkar olunmaması da maraqlıdır. Ola bilər ki, ANS rəhbərliyi hansısa yolla həmin faktı gizlədib.
Ekspert tövsiyə etdi ki, vətəndaşlar sosial.az səhifəsindən öz kabinetlərinə daxil olmaqla kapitallarını yoxlasınlar. Hansı illərdə, hansı iş yerlərində, hansı əmək müqavilələri ilə işlər həyata keçirilib orada əks olunur. Bunu yoxladıqdan sonra çatışmazlıqlar varsa, aidiyyəti üzrə çalışdıqları iş yerlərinə müraciət edə bilərlər: “Mühasibatlıqdan müvafiq sənədlər tələb edilə bilər. Həmin sənədlər əsasında DOST Xidmətinə yaxınlaşaraq bu məsələlərin aydınlaşması üçün məsələ qaldırsınlar. Şirkət bağlanıbsa, əllərində, yaddaşlarında olan məlumatlar varsa, onları DOST Xidmətinə təqdim etsinlər. Hər kəs nəzərə alsın ki, bu vəsaitlər orada olmadığı təqdircə, onların pensiyaları hesablanarkən həmin məbləğlər də əks olunmayacaq. Minimum kapital tələbini yerinə yetirə bilməsələr, pensiya hüququndan məhrum olunacaqlar”.
Günel CƏLİLOVA