Aytəkin Kamranqızı: “Sosial dəstək proqramları alıcılıq qabiliyyətinin artmasına töhfə verir və verəcək”

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Həmçinin, qərarda o da qeyd olunur ki, işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
- “Dövlət idarəsində tək dövlət qulluqçusu deyil, bağban, gözətçi, fəhlə və s. peşə sahibləri də qiymətləndirilir, onlara dəyər verilir”
Dövlət orqanında çalışan, lakin dövlət qulluqçusu olmayan şəxslərin əmək haqlarının qalxmasının əhəmiyyəti haqqında danışan sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, son zamanlar əhalinin maddi durumunun yüksəlməsi ilə bağlı imzalanan sərəncam və fərmanlar maddi cəhətdən zəif imkanları olan əhalinin maddi çətinliyini aradan qaldırmağa xidmət edir. Hökumət inflyasiyaları nəzərə alaraq, vəziyyəti tənzimləyir. Sosial dəstək proqramları alıcılıq qabiliyyətinin artmasına töhfə verir və verəcək. Hökumətin islahatları zəif təbəqəni bahalaşmadan qorumağa hesablanıb: “Dövlət qulluğunda çalışan dövlət qulluqçusu olmayan şəxslərə yeni qaydaya əsasən 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Həmin işçilərə il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək. Əslində bu addım həmin işçilərin, o ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Bu o deməkdir ki, dövlətimiz hər bir vətəndaşa qayğı və diqqətlə yanaşır. Dövlət idarəsində tək dövlət qulluqçusu deyil, bağban, gözətçi, fəhlə və s. peşə sahibləri də qiymətləndirilir, onlara dəyər verilir".
Günel CƏLİLOVA