Öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumatlara görə, ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır. Nəticələr üç ölkədə - Özbəkistan, Qambiya və İndoneziyada yüzlərlə azyaşlı uşaqda aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumada qeyd edilir kir, yüksək təsirli dietilen qlikol və etilen qlikolun olduğu təsdiqlənmiş və ya şübhəli bilinən uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb. ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.
Qeyd edək ki, sənaye həlledicisi antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır.
Maraqlıdır, ölkəmizdə bu tərkibli dərman vasitələri satılırmı?
“Tempanor” adlı hərarətsalıcı dərman var ki, onun tərkibində fenileprin və ibuprofen olduğu üçün körpə uşaqlara vermək olmaz”
Pediatr Xəyalə Əliyeva qeyd etdi ki, bu tərkibli dərmanlar ölkəmizdə var, ancaq şəxsən özü reseptlərində istifadə etmir: “İndi mövsümi xəstəliklər həddən artıq çoxalıb. Ağrıkəsicilər, allergiya dərmanları, hərarətsalıcı, öskürək əleyhinə dərmanlar tapılmır. “Tempanor” adlı hərarətsalıcı dərman var ki, onun tərkibində fenileprin və ibuprofen olduğu üçün körpə uşaqlara vermək olmaz. Pediatriyada belədir, hər yaşın öz dərmanı var, hər yaşın öz dozası. Əslində əhalini qınamaq istəmirəm, hər qızdırmaya görə həkimə getmək istəmirlər, gedib aptekdən alırlar. Yəqin Özbəkistanda da bizdəki kimidir. Qızdırması olana aptekdən götürüb istənilən preparatı verirlər. Əlbəttə, bu düzgün deyil, aptekdəki də anlamalıdır ki, filan dərman müəyyən yaşa qədər verilməməlidir. Bizdə də elədir, qızdırması olana aptekdə nə var götürüb verirlər. Əhalini bu məsələdə qınamaq fikrim yoxdur, çünki tapa bilmirlər. Adi qızdırma üçün parasetamol tərkibli heç nə yoxdur. Ya da olur, tez də qurtarır. İnsanların tanıdığı dərmanlardır da, buna görə həkimə getməyə ehtiyac yoxdur. Dərman olubsa da, tez də qurtarır”.
Günel CƏLİLOVA