07/02/2023 12:21
728 x 90

275 manata qaldırılmış təqaüd tələbə üçün nə deməkdir?..

img

Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə  imzaladığı,  tələbələrin və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı da məhz Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur.

Məlumdur ki, 13 yanvar tarixində Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən ali məktəb tələbələrinin təqaüdü 250 manatdan 275 manata qaldırılıb.

Ekspertlər bildirir ki, tələbə təqaüdünün artması onların sosial rifahına müsbət təsir edəcək.

  • Etibar Əliyev: “Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərəcək

Millət vəkili Etibar Əliyev bildirdi ki, Prezidentin tələbə təqaüdlərinin artırılması ilə bağlı Sərəncamı yüksək qiymətləndirilməlidir: "Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərən bir sərəncamdır. Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə yaşayırlar. İndi kirayə evlər də çox bahadır. Düşünürəm ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə yenə də artımların olması onların keyfiyyətli tədrisinə də köməklik göstərəcək. Bununla tələbə maddi vəsaitinin bir hissəsini kirayə yaşadığı mənzil sahibinə ödəyə bilər. Bu, həm də müəyyən tələbələr arasında tədrisdəki uğurlarına görə rəqabət mühiti və bir çox tələbələrdə motivasiya yarada bilər".

  • Adil Vəliyev: “Təqaüdlərin artırılması həm bakalavr, həm magistr, həm də doktorantlar üçün stimulverici bir xəbərdir”

Təhsil eksperti Adil Vəliyev bildirdi ki, təqaüdlərin arıtırılması həm bakalavr, həm magistr, həm də doktorantlar üçün stimulverici bir xəbər oldu. Ən əsası da bu, bakalavr tələbələrinə aiddir: “Çünki ən əsası, bölgələrdən gələn bakalavr tələbələrinin xərci daha çoxdur. Lakin təqaüdlər o qədər yüksək deyildi və son bir ildə xeyli bahalaşma baş verib. Tələbələrin aldığı təqaüd bahalaşma ilə nisbətdə çox az görünürdü. Təhsil sahəsində bu kimi müsbət qərarlar daha çox olsun. Bu həm müəllimlər, həm də tələbələr üçün daha xoş olar”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər