Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.
Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.