İkinci Qarabağ müharibəsində döyüş meydanında Vətənin yaşaması naminə canını fəda edən Baloğlan Şakir oğlu Əhədlinin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlının, Füzulinin, Şuşanın azadlığına görə medallarına Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni də əlavə olunub.
Vətənin qəhrəman oğlu Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda dünyaya göz aşıb. Şərəfli ölümü ilə milyonların qəlbinə köçən, əbədiyaşarlıq qazanan şəhid Baloğlan Əhədlinin ordeni boya-başa çatdığı doğma ocağında atasına təqdim olundu. Təqdimetmə mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, eləcə ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə şəhidin keçdiyi şərəfli döyüş yolundan danışanda bildirdi: “Lənkəran elinin qəhrəman oğlu Baloğlan kimi igid Vətən övladlarının sayəsində bu gün qalib xalq kimi qürurla yaşayırıq. Dövlətimiz və xalqımız var olduqca şəhidlərin xatirəsi daim uca tutulacaq və bu istiqamətdə Lənkəran Şəhər İcra Hakimiyyəti də hər zaman şəhid ailələrinin yanındadır. Şəhidlər ölməz, Vətən bölünməz!”
Sonra şəhid atası Şakir Əhədov danışdı: - Övlad itkisi çətindir. Oğlum Vətən yolunda şəhid olub, xalqım, dövlətim, hər zaman müxtəlif vasitələrlə ağri, acılarıma şərik çıxır. Odur ki, özümü tənha hiss etmirəm, oğlumla qürur duyuram. 2 ildir Vətən müharibəsi başa çatıb. Ali Baş Komandan Vətən müharibəsində xidməti olan hər kəsin haqqını layiqincə verir. Hər vaxt ölkə rəhbəri cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini görürük. Ölkəmizdə şəhid ailələrinə xüsusi ehtiram, hörmət vardır. Bütün bunlara görə minnətdaram.
Həm də doğma Azərbaycan qarşısında xüsusi xidmətləri olan, onun bütövlüyü uğrunda müharibə meydanında şücaət göstərib dastan yazan Baloğlan Əhədlinin ev muzeyi, Gəgiran kəndində uyuduğu məzar ziyarət olundu, önünə tər güllər düzüldü.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü