Azərbaycanda ildən-ilə güclənən sosial müdafiə tədbirlərinin əhatə etdiyi həssas əhali qruplarından biri də gözdən əlilliyi olan şəxslərdir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı bu kateqoriyadan olan vətəndaşların da sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.
Qeyd etdiyimiz kimi, gözdən əlilliyi olan şəxslərə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərilməkdə davam edir. Ötən həftə ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
“Gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdünün 300 manat olması qeyd edilən kateqoriyadan olan insanların sosial yaşayışına müsbət təsir edəcək”
Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Onların sosial həyatının yaxşılaşması üçün dövlət tərəfindən lazımi işlər görülür: “Belə ki, gözdən əlilliyi olanların mənzillə təminatı həll olunub. Həmçinin, gözdən əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində aparılan işlərə Heydər Əliyev Fondu tərəfindən mühüm dəstək göstərilir. Gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Onu da deyim ki, gözdən əlilliyi olan şəxslər digər kateqoriyalarla müqayisədə hər zaman yüksək müavinət alıb. Bunun səbəbi onların sağlıq durumu və kimdənsə asılı olmasıdır”.
Həmsöhbətimizin sözlərinə görə, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdünün 300 manat olması qeyd edilən kateqoriyadan olan insanların sosial yaşayışına müsbət təsir edəcək: “Onu deyim ki, qeyd edilən kateqoriyadan olan şəxslər üçün müavinət və Prezident təqaüdü ilə yanaşı, pensiya məbləği də artıb. Həmçinin 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə qulluq edənlərə də 130 manat baxıcılıq pulu verilir. Bütün bunlar həmin insanların sosial rifahının yüksəlməsinə səbəb olacaq”.
Günel CƏLİLOVA