Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu barədə yanvarın 16-də Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əgər şəxslər yeddi iş günü ərzində prosesi icra etməsələr, onlara xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaqlar.
Çünki olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
“İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı”
Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşların qeydiyyata alınması barədə fikir bildirən hüquqşünas Hüseyn Axundov qeyd etdi ki, sözügedən qərarın cəmiyyətimizə böyük faydası var: "Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bildirim ki, 1990-cı illərin sonu və 2000-ci illərdə bu sahədə pərakəndəlik vardı. İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı. Bu proseslə bağlı dövlət orqanlarına müraciət edəndə əvvəlki illərdə buraxılmış fəsadlar hiss olunurdu. Ona görə də sistemin tam sadələşdirilməsi hər birimiz üçün vacib məsələdir. Bu, əsasən rayondan Bakıya gəlib işləyənlərə tətbiq olunacaq”.
Həmsöhbətimizin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə ya xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə isə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 565-ci maddəsinə görə, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə ya xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Günel CƏLİLOVA