Azərbaycan müstəqillik qazanandan sonra ölkədə cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısı dəfələrlə yüksəlib. Bu sahədə bir çox qanunlar qəbul olunub, vaxtaşırı əlillərə mənzil, maşın və sair kimi vasitələr hədiyyə edilir, ildən-ilə onlara verilən pensiya və təqaüdlər artırılır. Dövlət tək əlillərə deyil, onlara baxan, qulluq edən şəxslərə də diqqət göstərir.
Məlumdur ki, əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər dövlət tərəfindən müavinət alır. Cari ildən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
“Azərbaycan dövləti bütün vətəndaşlarının, xüsusilə də əlil və onlara qulluq edənlərin sosial rifahının müntəzəm şəkildə yüksəldilməsi məsələsini diqqət mərkəzində saxlayır”
Məsələ haqqında danışan sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, orqanizmin funksiyasının pozulmasına görə həmin şəxslərə qulluq edənlərə dövlət qayğısının göstərilməsi təqdirəlayiqdir: “Məlumdur ki, övladı əlil olan valideynlər işləyə bilmir. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüd həmin ailənin maddi vəziyyətinin nisbətən yaxşılaşmasına səbəb olacaq”.
Həmsöhbətimiz hesab edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin əsas tərkib hissəsidir: “Azərbaycan dövləti bütün vətəndaşlarının, xüsusilə də əlil və onlara quluq edənlərin sosial rifahının müntəzəm şəkildə yüksəldilməsi məsələsini diqqət mərkəzində saxlayır və bunun üçün hər imkandan maksimum istifadə edir”.
Günel CƏLİLOVA