1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib.
Bununla bağlı ötən həftə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Son 4 ildə 1941-1945-ci il müharibəsi iştirakçılarına verilən müavinətlər 2,7 dəfə artırılıb”
Böyük Vətən müharibəsi iştirakçılarının müavinətlərinin artmasının əhəmiyyəti haqqında danışan millət vəkili Musa Quliyev qeyd etdi ki, yanvarın 13-də imzalanmış sərəncamla olan artımlar 660 min nəfəri əhatə edir və əsasən, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır: “Həmin sərəncamla artırılan əməkhaqları, pensiyalar və təqaüdlər cənab Prezidentin 2019-cü ildən bu yana imzaladığı, eyni zamanda, həyata keçirdiyi dördüncü sosial islahatlar paketidir. Bütövlükdə bu paket bu il ərzində 2 milyona yaxın vətəndaşımızı əhatə edəcək və ümumi maliyyə yükü 750 milyon manat təşkil edəcək”.
Millət vəkilinin sözlərinə görə, son 4 ildə davamlı şəkildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin təqaüdləri, pensiyaları artırılır. Müavinəti artan şəxslər arasında Böyük Vətən müharibəsi iştirakçıları da var. Son 4 ildə 1941-1945-ci il müharibəsi iştirakçılarına verilən müavinətlər 2,7 dəfə artırılıb. Müavinətlərin artması insanların sosial durumunun yaxşılaşmasına səbəb olacaq.
Günel CƏLİLOVA