Ölkə rəhbəri İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi xalqımız tərəfindən əlamətdar hadisə kimi qarşılanıb. Odur ki, respublikamızın hər tərəfində bu münasibətlə müxtəlif səpkili tədbirlər təşkil olunur. Lənkəran “Zirvə” İdman Klubunda keçirilən ağır atletika idman növü üzrə yeniyetmələr arasında rayon açıq turniri də bununla bağlı idi. Belə ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində keçirilən tədbir dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyində mütərəqqi fəaliyyətini nəzərə çatdırmaq, yeniyetmələrə vətənpərvərlik hissini aşılamaq, Ağır-atletika idman növünü təbliğ və inkişaf etdirmək, eləcə rayonda perspektivli idmançıları üzə çıxartmaq məqsədini daşıyırdı.
Tədbirin rəsmi açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə ulu öndər Heydər Əliyevin siyasi xadim kimi dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərdən, idmana olan diqqət və qayğısından danışdı, onu da bildirdi ki, Heydər Əliyevin siyasi kursu müasir dövrdə prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılır , ölkənin hər bir guşəsində idmanın inkişafı üçün geniş şərait yaradılır .
Rəsmi açılışdan sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Məmməd Məmmədov turnirin keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verdi, yarış start götürdü.
45 nəfər idmançının qatıldığı turnir şəxsi birincilik sistemi ilə keçirildi. Yekun nəticələrə görə birinci, ikinci və üçüncü yerləri tutan qalib idmançılara Gənclər və İdman İdarəsinın müvafiq diplomları və medalları təqdim olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü