Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamları çox ailələrin, çox insanların sevincinə səbəb olub. Bu sırada ali məktəblərin bakalavrlar pilləsində təhsil alanlar da var və onların da təqaüdləri artırıldı.
Qeyd edək ki, yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələr 175 manat, 71–100 bal olan tələbələr145 manat, 51–100 bal olan tələbələr isə 100 manat həcmində təqaüd alacaqlar. Fərmana əsasən, onların təqaüdlərinin əvvəlki məbləği qaldırılaraq bu səviyyəyə çatdırılır.
Bakalavrların təqaüdlərinin artırılması onların sosial durumuna və eyni zamanda təhsilin keyfiyyətinə necə təsir göstərəcək?
“Bu, Azərbaycan dövlətinin bakalavrlara diqqət və qayğısının təzahürüdür”
Müasir İnkişaf Birliyinin sədri, ali məktəb müəlimi Mübariz Göyüşlü bizimlə söhbətində bildirdi ki, bakalavrların təqaüdlərinin artırılması onlara ciddi stimul verir. “Azərbaycan dövləti, ölkə Prezidenti həmişə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Xüsusən də gənclərin aparıcı qüvvəsi olan tələbələrə, bakalavrlara dövlətimizin mütəmadi olaraq qayğısını görmüşük. Tələbələr də hər zaman bunu öz üzərlərində hiss ediblər. Bakalavrların tədris dövründə müxtəlif proqram və layihələrə cəlb olunması, onların təhsildə yüksək nəticələr əldə etməsi üçün maddi və digər qisimdə həvəsləndirici adımların atılması göz önündədir. Prezidentin Fərmanı ilə ölkənin tələbə kontengentinin təqaüdlərinin artırılması çox müsbətdir. Baxın, Prezident təqadünün də məbləği artırılıb, bakalavrların aylıq təqaüdləri də. Fərmandan da görsənir ki, burada əlaçı, zərbəçi və normal oxuyan bakalavrların təqaüdləri fərqli həcmdədir, hər kəs öz biliyinə, qabiliyyətinə görə təqaüd alır.
Hesab edirəm ki, bakalavrların təqaüdlərinin artırılması onların sosial rifahına müsbət təsir etməklə yanaşı, təhsilə münasibətlərinə də yaxşı təsir göstərəcək. Hər bir tələbə istəyəcək ki, ayda 175 manat alsın, buna görə də o çalışacaq, bununla həm biliyini artıracaq, həm də 175 manatdan bəhrələnəcək. Bu amil həm də bakalavrlar arasında yaxşı mənada rəqabəti gücləndirəcək, onlara stimul verəcək”.
M.Göyüşlü qeyd etdi ki, ölkədə baş verən bahalaşma bakalavrların təqaüdlərinin artmasını zəruri edirdi və ölkə başçısı da buna cavab verdi. Bir çox kateqoriyadan olan insanların əməkhaqqlarının, təqaüdlərinin, sosial müavinətlərinin artdığını deyən M.Göyüşlü deyir ki, bakalavrların da bu kateqoriyaya daxil edilməsi müsbət haldır: “Biz bunu yüksək qiymətləndiririk. Bakalavrlar da bu müsbət dəyişikliyi öz həyatlarında hiss edəcəklər.
Bu, Azərbaycan dövlətinin bakalavrlara diqqət və qayğısının təzahürüdür. Hesab edirəm ki, onlar bu etibarı və etimadı əldə etdikləri biliklə, savadla, yaxşı oxumaqla doğruldacaqlar”-deyə M.Göyüşlü qeyd etdi.
Leyla QARAXANLI